Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Lakin onun mövcud xəstəlikləri, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti tətbiq olunması qərara alınıb.
Bəs Azərbaycan qanunvericiliyinə əsasən, şərti məhkumetmə nə deməkdir?
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, təyin edilmiş cəzanın şərti tətbiqi haqqında qərar çıxara bilər.
Bu zaman cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
Şərti məhkumetmə zamanı 6 aydan 5 ilədək sınaq müddəti müəyyən edilir.
Məhkəmə məhkumun üzərinə yaşayış və iş yerini xəbərdarlıq etmədən dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsi gəzdirmək və digər öhdəliklər qoya bilər.
Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir.
Şahanə Ziyad











































