Kənd təsərrüfatı texnikaları və traktorları ilə yollarda qayda pozuntularının tez-tez şahidi oluruq. Nasaz traktorların iştirakı ilə dəfələrlə yol nəqliyyat hadisəsi baş verib.
Lakin təəssüf edirik ki, bu cür texnikaları idarə edən sürücülər etdikləri hərəkətin məsuliyyətini anlamırlar.
AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, Şəki-Zaqatala zonasında traktorla yol hərəkəti qaydasını pozan iki sürücünün görüntüsü redaksiyamızın elektron ünvanına göndərilib.
Görüntülərdə əks olunan traktorun qoşqusunda daşınan yükün üzəri örtüklə bağlanılmayıb.
Üstəlik həmin traktora əlavə olaraq qeydiyyat nişanı olmayan qoşqu da qoşulub.
Digər videodakı traktorun sürücüsü isə qoşquda qanunsuz olaraq sərnişin daşıyıb. Bu hərəkət isə sərnişinlərin həyatı üçün çox təhlükəlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xitmətlər Agentliyinin əməkdaşları həmin traktor sürücülərini dayandıraraq onları öz hüquq və vəzifələri haqqında məlumatlandırıb, o cümlədən etdikləri hərəkətin təhlükəli olduğunu bildiriblər.
Qeyd edək ki, qoşqusunda qanunsuz sərnişin daşıyan traktor sürücüsü bir müddət öncə Saatlı rayonunda qəzaya düşmüşdü.
Qəza nəticəsində 6 nəfər dünyasını dəyişmişdi.