ABŞ Prezidenti Donald Tramp Mayk Uoltsun Birləşmiş Millətlər Təşkilatındakı növbəti daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında bildirib.
"Mayk Uoltsu BMT-də ABŞ-ın növbəti səfiri vəzifəsinə namizədliyini irəli sürmək qərarımı elan etməkdən məmnunam. İstər döyüş meydanında hərbi formada, istər Konqresdə, istərsə də mənim milli təhlükəsizlik üzrə müşavirim kimi fəaliyyətində Mayk daim ölkəmizin maraqlarını hər şeydən üstün tutub. Əminəm ki, o, bu yanaşmanı yeni vəzifəsində də davam etdirəcək", – deyə Tramp bəyan edib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin vəzifələrini dövlət katibi Marko Rubio icra edəcək. O, eyni zamanda Dövlət Departamentinə rəhbərlik etməyi də davam etdirəcək.
"Biz birlikdə Amerikada və dünyada təhlükəsizliyin yenidən bərqərar olunması üçün yorulmadan çalışacağıq", – deyə Tramp vurğulayıb.
/APA