Trampdan İranla əməkdaşlıq edənlərə böyük zərbə: Ən çox bu ölkələr zərər çəkəcək

Trampdan İranla əməkdaşlıq edənlərə böyük zərbə: Ən çox bu ölkələr zərər çəkəcək
SİYASƏT
14:12 13.01.2026
653
ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən ölkələrə qarşı yeni iqtisadi tədbir elan edib. 

O, "Truth” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la bütün növ əməliyyatlarda 25 faizlik gömrük rüsumu ödəyəcək. 

Trampın sözlərinə görə, qərar dərhal qüvvəyə minir və qətidir.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu qərar İranda baş verənlər fonunda ölkənin idxal–ixrac əlaqələrinin məhdudlaşdırılmasına hesablanıb: 

"Atılan addım İranda baş verən zorakılıq halları, siyasi qarşıdurma və qeyri-sabitlik fonunda bu ölkənin idxal–ixrac əlaqələrinin məhdudlaşdırılmasını  hədəflənir. 

Qeyd etmək lazımdır ki, oxşar mexanizm daha əvvəl Rusiyaya qarşı da tətbiq olunmuşdu. 

Rusiya ilə ticarət əlaqələri olan ölkələr, şirkətlər və təşkilatlar bu səbəbdən ciddi problemlərlə üzləşmişdi. Azərbaycanın İranla ticarət dövriyyəsi ümumi dünya ticarəti fonunda böyük paya malik deyil. 

İranla ticarət əlaqələri Azərbaycanın ticarət portfelində müəyyən rol oynayır. Lakin neft və qaz məsələlərini kənara qoysaq, genişmiqyaslı ticarət münasibətlərindən danışmaq mümkün deyil. Ona görə də Trampın qərarı Azərbaycana mənfi təsir göstərə bilməz. İki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxalı istiqamətində müəyyən ticarət əlaqələri mövcuddur”.

Ekspert deyib ki, Azərbaycanın geniş ticarət tərəfdaşları var:

"Ölkəmizin ixrac əməliyyatları əsasən Yaxın Şərq, Rusiya və qismən də İran üzərindən müəyyən ölkələrə həyata keçirilir. Məsələn, Fars körfəzi istiqamətində, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə və Yaxın Şərq ölkələrinə ixrac əməliyyatlarında İran tranzit marşrutlarından istifadə olunur. 

Bu baxımdan, sözügedən qərarın Azərbaycana birbaşa olmasa da, dolayısı təsirləri mümkündür. Birbaşa təsirlər isə İranla geniş ticarət əlaqələri olan Çin, Hindistan, Türkiyə və Rusiya kimi ölkələrdə daha açıq şəkildə hiss olunacaq”.

A.İbrahimov qeyd edib ki, İrana qarşı atılan addımlar neft qiymətlərində volatilliyə səbəb ola bilər:

"Neft qiymətlərinin qısamüddətli də olsa artması Azərbaycan üçün riskdən daha çox fürsət kimi qiymətləndirilə bilər. Çünki qiymət artımı dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq. Digər sahələrdə isə müəyyən risklər mövcuddur. Azərbaycanın bəzi ixrac əməliyyatları İran üzərindən həyata keçirilir və bu vəziyyət alternativ marşrutların axtarılmasını zəruri edir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bəzi investorlar üçün də müəyyən narahatlıqlar yarana bilər. Birbaşa ticarət əlaqələri olmasa da, ABŞ-dan Azərbaycana kənd təsərrüfatı və texnologiya sahəsində məhsullar idxal edilir. ABŞ-da yarana biləcək inflyasiya təzyiqləri bu məhsullar vasitəsilə Azərbaycan bazarına da ötürülə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR