Xalq artisti Tünzalə Ağayeva solo konsert proqramı ilə çıxış edib.
AZXEBER.COM xəbər verir ki, pop star Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və "Autizmli Uşaqlara Dəstək İctimai Birliyi”nin sədri doktor Ayaz Seyidlinin dəvəti ilə Naxçıvan şəhərinə təşrif buyurub. Estrada ulduzunu ilk olaraq Hava limanında jurnalistlər qarşılayıblar.
Xalq artistinin sözlərinə görə konsertin məhz autizmli uşaqlara həsr olunması onu çox sevindirib və həyəcanlandırıb:
"Bütün təşkilatçılara böyük təşəkkürüm var. Çünki autizmli uşaqlara dəstək olmaq çox böyük təşəbbüsdür. Bu bizim bütün dünyamızı narahat edən bir problemdir. Sağ olsun Aytən Eynalova, məhz onun sayəsində autizmli uşaqlarımızı tanıdım, onlarla ünsiyyət qurdum. Onu da deyim ki, mən ömrümü autizmə həsr elədim və bundan sonra da onların səfiri kimi hər zaman yanlarında olub dəstək olacağam. Allah onları daim qorusun”.
Sevilən müğənni Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında tamaşaçılarının qarşısısına çıxıb. Ağayeva konsert boyunca ən unudulmayan, sevilən və dillərəzbərinə çevrilən hitlərini canlı ifa edib.
Gecədə sevənlərinə bir sıra sürprizlər təqdim edən müğənni illərdir öz aktuallığını qoruyub saxlayan "Yandım, elə yandım” və "Barı Naxçıvan” əsərlərini səsləndirib.
Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılaşan müğənni təəssüratını bölüşüb:
"Mənim üçün çox xoşdur ki, bu gün mən Naxçıvandayam. Buraya hər gəlişim məni xoşbəxt edir. Naxçıvanın insanları, suyu, havası mənə doğmadır. Hər bir naxçıvanlıya dərin təşəkkür edirəm. Özümü şanslı sayıram ki, bir çox layihələrdə, xüsusilə də autizm mövzulu layihələrdə iştirak edirəm. Əgər bir mahnım bir uşağın gülümsəməsinə səbəb olursa, bu mənim üçün ən böyük uğurdur. Bu konsert də bunun sübutudur. İnsanlara sevgi, diqqət və qayğını xatırlatmaq, autizmli uşaqların həyatına kiçik də olsa, işıq saçmaq üçün bir fürsətdir. Əgər musiqim, səsim və simam uşaqların həyatında bir ümidə çevriləcəksə, bu mənim sənət yolumun ən dəyərli anıdır. İnanıram ki, bu konsert hər kəsin diqqətini belə həssas məsələyə yönəltdi. Gəlin birlik olaq. Kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər. İncəsənət, sevgi və mərhəmət varsa, həyat gözəldir. Autizmli uşaqların cəmiyyətimizdə layiq olduqları yeri tutmaları üçün hamımız bir addım atmalıyıq”.
Qeyd edək ki, konsert 2 aprel "Dünya Autizm Məlumatlandırma günü”nə həsr olunub.