Turan İbrahimov yazır: Bir millət, iki öndər (KÖŞƏ)

Turan İbrahimov yazır: Bir millət, iki öndər (KÖŞƏ)
KÖŞƏ
08:59 09.05.2011
1865

 

İnternet portallarını gözdən keçirərkən Turqut Ər adlı məlum şəxsin adətən qaragüruha xas inkarçı-naşükür bir ifadəsini oxudum. Nə edib?! Söhbət Ulu öndərimiz Heydər Əliyevdən gedirdi. Və söhbət tamamilə Turqut Ərin “nəlbəkisi” olan bir yayım orqanının onunla etdiyi müsahibəsində gedirdi. Turqut Ərə verilən sual təxminən bu cür idi: “Son zamanlar Heydər Əliyevi tez-tez Atatürklə eyniləşdirirlər, buna münasibətiniz?” Turqut Ərin isə cavabı : “Atatürk arkadaşları ilə birlikdə yoxdan bir türk dövləti qurub, bəs Heydər Əliyev nə edib?

Mən Türkiyənin həm Osmanlı, həm də Cümhuriyyət dövrlərinin tarixini azdan-çoxdan bilirəm. Həmçinin “Qurtuluş savaşını” da. Bunun üçün də Mustafa Kamal Paşanın Türkiyə xalqının taleyində oynadığı rolu çox gözəl anlayıram və dərk edirəm. Mustafa Kamal daxili və xarici ünsürlərin uzunmüddətli, fəaliyyətinin nəticəsi olaraq hərtərəfli çökdürülmüş, geri qalmış Osmanlı adlı imperiyanın “uçqunları altından” hüquqi, dünyəvi, modern Türkiyə Cümhuriyyətini çıxardı. Yeddi cəbhədə müharibə aparan xalqı təşkilatlandıraraq “Qurtuluş savaşını” başlatdı. Feodal təfəkkürlərdə inqilab etməyə nail oldu və sair.... Hər kəsə məlum olan, əvəzsiz xidmətlər...

Bu gün bunları kim inkar edə bilər? Kim bu böyük şəxsiyyətin tarixin yönünü dəyişən, böyük-böyük dövlətlərin planlarını alt-üst edən fəaliyyətini şübhə altına ala bilər? Əlbəttə ki, yalnız qərəzli, ən anlaşılan halda isə cahil biri!!!

Heydər Əliyev isə tarixi proseslərin və impulsiv milli azadlıq hərəkatının nəticəsində müstəqil olmuş, müstəqil olması ilə eyni zamanda həm də uzun müddət həbsxanada “yatmış”, çöl dünya ilə bütün əlaqələri kəsilmiş, azadlığa çıxdıqda isə ortalıqda qalmış xəstə, zəif adamı xatırladan duruma düşmüş bir ölkəni, şəxsi nüfuzu, əlaqələri və iradəsi ilə dövlətə çevirdi...İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev daxili sabitlik yaratdı, işğalçı Ermənistanla atəşkəs sazişi bağlayaraq dövlətçilik institutlarımızı qurub, güclənməsi üçün təhlükəsiz mühit formalaşdırdı. Hələ bundan sonra mövcud olub olmayacağı sual doğuran, kiçik, siyasi sistemi zəif, maliyyə resursları yox dərəcəsində olan dövlətə məhz özü, qarant olmaqla, iri dövlət və şirkətləri sərmayə qoymalarına razı saldı, inandırdı. “Əsrin müqaviləsi” adlandırılan Bakı-Tiflis- Ceyhan neft kəməri layihəsi Azərbaycanın müstəqilliyinin və həssaslıqla hazırlanmış balanslaşdırılmış siyasət kursunun qarantı oldu... Müxtəlif maraq dairələrinin ideoloji bombardmanına məruz qalmış, parçalanmış, çaş-baş salınmış xalqı Azərbaycançılıq ideası ətrafında birləşdirdi, millət olmanın yolunu göstərdi. Heydər Əliyev nə edib? Əsində bu sualı verənin məntiqini ciddiyə alıb bu yazını yazmağın özü də bəlkə qüsurdur! Amma danışmağın lazım olduğu yerdə susmaq daha böyük qüsur olardı... Həmçinin bəzi şeyləri xatırlatmaq yaddaşı zəif olanlara, çaşdırılanlara yaxşılıqdır!

Atatürk biz azərbaycanlılara ən az Heydər Əliyev qədər doğma və əzizdir. Bunun belə olmasının özü də məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Bu səbəbdən də bu gün biz Ulu öndəri məhz Atatürklə bir tuturuq, bir tutmayanları isə qınayırıq...

P.S Mustafa Kamal hər zaman müstəqil olmuş, heç vaxt boyun əyməmiş, azadlığı üçün əmr gözləmədən özü mübarizəyə qalxmış xalqın lideri olub, Atatürk oldu. Heydər Əliyev isə çox zəif dövlətçilik ənənəsi olan, tarix boyu (qısa müddətli azadlıqları nəzərə almasaq) böyük imperiyaların təəbəsi olmuş, müstəqilliyin mənasını dərk etməmiş xalqın lideri olub, Ulu öndər oldu...

Turan İBRAHİMOV 

OXŞAR XƏBƏRLƏR