Azərbaycan turizm şirkətləri birgə bəyanat yayıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan turizm sektorunda fəaliyyət göstərən bir qrup şirkət Türkiyə istiqaməti üzrə satış həyata keçirən "Summer Tour Azərbaycan” MMC-nin son qərarı ilə bağlı narazılıqlarını bəyan ediblər.
Bəyanatda bildirilir ki, hər turist üçün 65 ABŞ dolları məbləğində əlavə vəsaitin tələb olunması faktiki olaraq müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir. Bu addım təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir.
Xüsusilə qeyd edirik ki, qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Turizm şirkətləri olaraq bildiririk ki, bu cür qərarlar bizi süni şəkildə maliyyə zərərinə məruz qoyur. Müştərilər qarşısında öhdəliklər artıq yerinə yetirilmiş olduğu halda, əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək.
Bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq.
Əldə olunan məlumata əsasən, turizm şirkətləri artıq bu məsələ ilə bağlı təcili iclas keçirir və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq dövlət orqanlarına birgə müraciət etməyə hazırlaşır. Məqsəd bazarda ədalətli qaydaların qorunması və bu cür halların qarşısının alınmasıdır. Açıq şəkildə bəyan edirik: artıq bağlanmış satışlara sonradan müdaxilə etmək bazar iqtisadiyyatına ziddir və bu presedent dərhal dayandırılmalıdır. Əks halda, bu cür yanaşma turizm sektorunda etimadın tam itirilməsinə və bazarda ciddi böhranın yaranmasına səbəb olacaq.











































