Azərbaycan Respublikası dünya birliyinə inteqrasiyası son illər ən yüksək həddədir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində artıq dünya dövlətləri özü Azərbaycanla əməkdaşlığa, dostluq münasibətləri və sıx əlaqələr yaratmağa çalışır. Azərbaycanın 2020-ci ildə 44 günlük "Vətən Müharibəsi”ndəki uğur qələbəsindən sonra bütün dünyanın gözü bir daha ölkəmizə yönəldi. Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olara Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülür. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.
Azərbaycan bir çox ölkələrlə dost münasibətindədir. Bu cür münasibətlərin artması ölkəmizin daha inkişafı üçün də prioritet məsələlərdən biridir. Məlumdur ki, Azərbaycana ən yaxın ölkə Türkiyədir ki, bu iki dövlət qardaşlıq münasibətini hər zaman qoruyub saxlayır. Hər iki ölkənin başçısı mütəmadi olaraq qarşılıqlı əlaqədə olur və Türkiyə dövlət başçısının Azərbaycan, Azərbaycan dövlət başçısının isə Türkiyəyə tez-tez səfərləri olur. Bu səfərlər çərçivəsində isə hər iki ölkənin inkişafı üçün önəmli olan addımlar atılır.
Prezident İlham Əliyevin Türkiyəyə ən son səfəri də bunlardan biri oldu. Belə ki, mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutdu. Səfər çərçivəsində qardaş ölkənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimi baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxışı zamanı Rize şəhəri haqqında müsbət fikirlərini ifadə edib:
"Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”.
"Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara”, deyə Prezident vurğulayıb.
Prezident İlham Əliyev həmçinin vurğuayıb ki, biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib:
"Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".
Milli Məclisin deputatı Kamaləddin Qafarov bu məsələ ilə bağlı şərhində qeyd edib ki, Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir:
"İki qardaş ölkə - Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğur və nailiyyətlər ölkələrimizin dünyada nüfuzunun daha da artmasına xidmət edir. Məlum olduğu kimi, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş ediblər. Bu faktın özü böyük siyasi və mənəvi önəm daşıyır. Bu fakt Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və inkişaf yolunun bariz təcəssümüdür. Təsadüfi deyil ki, dövlət başçılarının görüşündə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi olaraq bir daha vurğulanıb”.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasətinin bir sıra parametrlərini də özündə ehtiva edir. Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edib”.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək:
"Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlıqdır. Artıq bütün dünya bilir ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Prezident İlham Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də. İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
Rize-Artvin Hava Limanının açılışı Türkiyədə gedən uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə bu gün dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub. Həmçinin ölkə daxilində də böyük layihələr icra olunur. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələr – hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar qeyd olunmalıdır. Bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və əlbəttə ki, bu inkişaf hər iki qardaş ölkənin, bütün türk dünyasının maraqlarına bütünlüklə cavab verən bir prosesdir və Türkiyə kimi Azərbaycanımızın da gücünə güc qatır”.
Politoloq Tural İsmayılov da AZXEBER.COM-a açıqlamasında Türkiyə ilə Azərbaycanın dünyanın diqqətində olan qardaşlıq münasibətləri haqqında danışıb. O, qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi gələcəkdə digər Türk Dövlətləri Təşkilatı daxilində ayrı-ayrı ölkələrin bir-biri ilə daha sıx inteqrasiya olunmasına ilə nəticələnə bilər:
"Azərbaycanın Türkiyə ilə münasibətlərini qardaşlıq səviyyəsinə çatdırmağı Avrasiya regionu üçün mühüm iqtisadi-siyasi dividentlər bəxş edir. Məhz ölkəmizin liderliyi və eyni zamanda Türkiyənin qlobal nüfuzunun daha da artması Azərbaycan-Türkiyə strateji müttəfiqliyini dünyada gələcək iqtisadi-siyasi konturlarda əsas memarlardan biri halına gətirib. Özəlliklə Azərbaycanla Türkiyə arasında "Şuşa Bəyannməsi”nin imzalanması ilə iki ölkənin münasibətləri yüksək bir səviyyəyə çatmış oldu. Bu bəyannamə həm də Türk Dövlətləri Təşkilatı nəzdindən Qazaxıstanla Türkiyə arasında hərbi sahədə müqavilənin imzalanması ilə nəticələndi. Azərbaycan-Türkiyə müttəfiqliyi gələcəkdə digər Türk Dövlətləri Təşkilatı daxilində ayrı-ayrı ölkələrin bir-biri ilə daha sıx inteqrasiya olunması və bir sıra ortaq müttəfiqlik bəyannamələrinin imzalanması ilə nəticələnə bilər”.
Politoloq qeyd edib ki, Türkiyə və Azərbaycan müttəfiqliyinin sağlam gələcəyi mövcuddur:
"Bütövlükdə, Azərbaycan-Türkiyə müttəfiqliyi ölkəmizə həm təhlükəsizlik, həm hərbi, həm də iqtisadi və siyasi baxımdan böyük dividentlər bəxş edir. Bu gün Türkiyə NATO-nun ən önəmli güclərindən biridir. Türkiyənin sayəsində Avropa İttifaqı ölkələri böyük qaçqın köçlərindən sığortalana bilir. Həmçinin Türkiyənin bacarıqları dünyada bir çox konfliktli coğrafiyalarda həyata keçirdiyi rol model Azərbaycanın gələcəyi üçün də müstəsna əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan müttəfiqliyinin sağlam gələcəyi mövcuddur”.
Azərbaycan Respublikasının digər dövlətlərlə dostluq münasibətləri qurması ölkəmizin uğurlu siyasətinin təzahürüdür. Bütün bu proseslər ölkə başçısının siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövuzu üzrə dərc edilib.