Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var və bu yolda əməkdaşlığı əzmlə davam etdirəcəklər.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: "İki ölkə "bir millət, iki dövlət” prinsipi ilə hərəlkət edirlər. Türkiyə ən çətin anlarda yanımızda oldu. Bu gün evlərinə qayıdan azərbaycanlı ailələrin arxasında bu qardaşlığın gücü dayanır. 30 ildir vətəndən uzaqda yaşayan biri kimi mən də torpaqlarımız işğaldan azad olunandan sonra ailəmlə birlikdə yurdumuza dönəcəyim üçün həyəcanlıyam”.
B.Muradova qeyd edib ki, ailə institutu həm Azərbaycanda, həm də Türkiyədə ictimai quruluşun təməl daşıdır: "Ailə milli kimliyimizin ən mühüm mövzusudur. Ailəyə göstərilən qayğı dövlətin və millətin gələcəyinə ən mühüm sərmayədir”.
Komitə sədri ailə siyasətlərinin ikitərəfli əməkdaşlığı gücləndirdiyinə diqqət çəkib: "Həm Türkiyədə, həm də Azərbaycanda ikitərəfli formatda bir çox layihələr həyata keçiririk və təcrübə mübadiləsi edirik”.