"Biz əsas səylərimizi xalqın iradəsinin seçkilərin nəticəsini müəyyənləşdirməsi istiqamətində səfərbər etmişik”.
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçkilər demokratiyanın gözəlliyidir: "İnşallah, Türkiyənin yeni əsrini hamımız birlikdə inşa edəcəyik”.
Nazir vətəndaşları səsvermə prosesində fəal iştirak etməyə çağırıb: "Nəticənin xeyirli-uğurlu olmasını arzulayıram”.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı”nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.