Rəsmi Dəməşq vurulan hərbi təyyarə barədə açıqlama yayıb Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyəyə aid hərbi təyyarənin yoxa çıxması barədə keçirilən təhlükəsizlik üzrə zirvə iclası başa çatıb. 2.5 saat davam edən iclasdan sonra mətbuata verilən yazılı açıqlamada təyyarənin Suriya tərəfindən düşürüldüyünün müəyyənləşdiyi bildirilib. Xatırladaq ki, ötən axşam Türkiyəyə aid döyüş təyyarəsinin Aralıq dənizi üzərində Hatay vilayəti yaxınlığında yoxa çıxması barədə məlumat yayılmışdı. Qeyd edək ki, Malatya şəhərindən havaya qalxan “F-4E phantom” tipli təyyarə ilə bir neçə saat sonra əlaqə kəsilmişdi. Təyyarə ilə əlaqənin kəsildiyi ərazinin Suriya ilə həmsərhəd olması bəzi şübhələr yaratmışdı. Belə ki, hərbi təyyarənin Suriya tərəfindən qəsdən vurulduğu iddia olunmuşdu. Zirvə iclasından sonra verilən açıqlamada təyyarənin Suriya tərəfindən vurulduğu, təyyarə və pilotların axtarış və xilasetmə işlərinin davam etdiyi vurğulanıb. “Əlaqədar qurumların təmin etdiyi məlumatların dəyərləndirilməsi və Suriya ilə aparılan müştərək axtarış – xilasetmə fəaliyyətləri çərçivəsində əldə olunan məlumatlar nəticəsində təyyarəmizin Suriya tərəfindən vurulduğu məlum olub. Pilotlar da daxil axtarış – xilasetmə işləri davam edir. Hadisənin motivlərinin bəli olmasından sonra Türkiyə son sözünü deyəcək və müvafiq addımları atacaq”. Rəsmi Dəməşq isə vurulan Türkiyə hərbi təyyarəsi barədə açıqlama yayıb. Suriya Müdafiə nazirliyi Türkiyəyə aid hərbi təyyarənin Suriya sahillərində, ölkə hüdudlarının daxilində vurulduğunu açıqlayıb. “Türkiyədən Suriya sərhəddindən 1 km içəriyə daxil olan təyyarə görünüb. Açılan atəş nəticəsində təyyarə sahildən 10 mil məsafədə dənizə düşüb. Suriya ilə Türkiyə dəniz qüvvələri arasında rabitə yaradılıb və ortaq axtarış başladılıb”.