Türkiyənin məşhur beyin mərkəzi: Seçkinin favoriti – İlham Əliyevdir

SİYASƏT
11:40 05.10.2013
1290

Türkiyənin məşhur Orta Doğu Strateji Araşdırmalar Mərkəzi (ORSAM) “Azərbaycanda prezident seçkiləri: gözləntilər və reallıqlar” mövzusunda hesabat yayıb.

AZXEBER.COM xəbər verir ki, ORSAM-ın internet səhifəsində dərc edilən və Prof. Dr. Nəsrin Sarıəhmədoğlunun müəlliflik etdiyi hesabat Azərbaycanda iqtidar partiyasının və müxalif düşərgənin seçki gündəliyi, seçkilərin mümkün nəticələri və ölkənin gələcəyinə təsiri, eləcə də seçki ərəfəsində Azərbaycanın əsas xarici güc mərkəzləri ilə əlaqələrindən bəhs edir.

Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan ORSAM region ölkələri ilə bağlı ciddi araşdırmaları ilə tanınır.

“Yaxın Şərq Araşdırmaları Assosiasiyası”nın (The Middle East Studies Association - MESA) üzvü olan mərkəz beynəlxalq siyasətin daha düzgün qavranılması və müvafiq siyasətin həyata keçirilməsinə yardımçı olmaq məqsədilə qarar qəbul edənlərə lazımı məlumatların və tövsiyələrin verilməsi ilə məşğuldur.

Hesabatda qeyd edilir ki, 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca ölkənin siyasi həyatında canlanma müşahidə edilməkdədir.

Seçkidə iştirak edən qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə həyata keçirəcəkləri dəyişiklər barədə proqramlarını açıqlamaqda və müxtəlif vədlər verməkdədirlər.

İlham Əliyev seçkilərə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası ilə gedir

“Yeni Azərbaycan Partiyası” (YAP) və partiyanın namizədi İlham Əliyev seçkilərə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası ilə gedir. İqtidar qarşıdakı illər ərzində sürətli iqtisadi inkişafın davam etdiriləcəyi, ümumi daxili məhsulun bir neçə dəfə artacağı və adambaşına düşən milli gəlirin 10 min ABŞ dollarını keçəcəyini vəd edilir.

Əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasında fərqlərin azaldılacağı, qeyri-neft iqtisadiyyatının inkişaf etdiriləcəyi qeyd edilir. YAP seçkilərdə partiya tərəfindən verilən vədlərin həmişə tutulduğu, 2003-cü ildən keçən 5 il ərzində söz verildiyi kimi altı yüz min, 10 il ərzində isə bir milyon iki yüz min iş yeri açıldığını vurğulayır.

Bu müddət ərzində həmçinin çadır şəhərciklərinin ləğv edildiyi, yoxsulluq həddinin son 10 il ərzində təxminən 50%-dən 6%-ə endirildiyini qeyd edilir.

Müxalifətin öz namizədini irəli sürməsi kifayət qədər problemli proses kimi yadda qalıb

Hesabata əsasən müxalifətin öz namizədini irəli sürməsi kifayət qədər problemli proses kimi yadda qalmışdır. “Müsavat” və “Azərbaycan Xalq Cəbhəsi Partiyası” (AXCP) “İctimai Palata” adlı təşkilatda birləşsələr də, vahid namizəd məsələsində iki partiya arasında ciddi narazılıqlar və mübahisələr yaranmışdır.

Eldar Namazov müxalifəti “El” hərəkatında birləşdirməyə çalışsa da, “Müsavat” və AXCP-nin müqaviməti nəticəsində bu layihə də reallaşmamışdır. Daha bir birləşmə modeli kimi ortaya atılmış “Milli Şura”nın Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsinə baxmayaraq, “Müsavat” partiyası E.Namazovu və R.İbrahimbəyovu kəskin şəkildə tənqid etmiş, AXCP və Əli Kərimlini isə saxta müxalifətçilikdə ittiham etmişdir.

Sonradan R.İbrahimbəyovun Rusiya vətəndaşlığının olması, Azərbaycana dönməməsi, Dağlıq Qarabağa dair bəyanatlarının ictimaiyyət arasında ona milli şüurdan uzaq namizəd imici qazandırması müxalifət arasında yenidən ciddi fikir ayrılığı yaratmışdır.

Daha sonra kompromis variant olaraq Cəmil Həsənlinin namizədliyi “Milli Şura”da təsdiqlənmişdir. Bu qarşılıqlı narazılıqlar və ittihamları nəzərə alan müəllif “İctimai Palatanı” fəaliyyətsiz quruma çevirən “Müsavat” - AXCP fikir ayrılıqlarını “Milli Şura”nın da dağılmasına apararın yolun başlanğıcı olaraq gördüyünü qeyd edir.

9 oktyabr 2013-cü il prezident seçkiləri Dağlıq Qarabağ münaqişəsinin gələcək həlli strategiyasına yön verəcək

Hesabatda o da vurğulanır ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri təkcə ölkədəki mövcud iqtidarın və müxalifətin gələcəyini müəyyən etməyəcək, həm də Dağlıq Qarabağ münaqişəsinin gələcək həlli strategiyasına yön verəcək.

Müəllifin qeyd etdiyi kimi, ötən 20 il ərzində Azərbaycanla Ermənistan arasında istər iqtisadi inkişaf, istərsə də əhalinin sayı baxımından Azərbaycanın xeyrinə kəskin fərqlər meydana gəlmişdir. Azərbaycan ordusunun maddi təchizatı xeyli gücləndirilmiş və ölkənin müdafiə potensialı artırılmışdır.Müxalifət düşərgəni təmsil edən hər hansı bir partiyanın təkbaşına hakimiyyətə gəlmək potensialı yoxdurHesabatın “Müxalifət və iqtidar arasındakı qüvvələr balansı və gələcək 5 il” adlanan bölməsində müəllif müxalifətin daxili zəifliklərini ətraflı şəkildə təhlil edir və qarşıdan gələn seçkidə iqtidarla müqayisədə müxalif qüvvələrin şanslarını çox aşağı qiymətləndirir.

Müəllif qeyd edir ki, müxalifət düşərgəni təmsil edən hər hansı bir partiyanın təkbaşına hakimiyyətə gəlmək üçün potensialının olmamasını anlamasına baxmayaraq, ötən 20 il ərzində birləşmək və güc toplamaq istiqamətində heç bir nəzərəçarpan iş görülməmişdir. Uzun illərdir müxalifətin öndə gedən rəhbərləri İsa Qəmbər və Əli Kərimli arasındakı fikir ayrılıqları xalq arasında “Milli Şura”nın nüfuzunu aşağı salmaqdadır.Seçkinin favoriti İlham Əliyevdir

Hesabatın “Seçkinin favoriti – İlham Əliyev” başlıqlı hissəsində seçkilər ərəfəsində keçirilən rəy sorğularının nəticələrinin İlham Əliyevin aşkar favorit olduğunu göstərdiyi vurğulanır.

Müəllif qeyd edir ki, Rəy Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticəsinə əsasən, respondentlərin 81,2%-i seçkidə İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini qeyd etmişdir.

İlham Əliyevin xalqın dəstəyini qazandığı bir dövrdə, “Milli Şura”da baş verməkdə olan proseslər müxalifət daxilində ciddi anlaşılmazlıqlar olduğunu göstərir.

Bu hər şeydən əvvəl ideoloji anlaşmazlıq, ikincisi çoxlu toqquşan maraqların mövcudluğu, üçüncüsü isə müxalifətin xalq arasında dəstəyinin olmamasının verdiyini güvənsizlikdən qaynaqlanan çətinliklərdir. Müəllifin fikrincə, müxalifət öz qəzetlərində bəyanatlar verməkdan başqa heç nə etmir.

O qeyd edir ki, siyasətin ictimai düşüncəyə təsir etmək, insanların etibarını və dəstəyini qazanmaq olduğunu nəzərə alsaq, Azərbaycandakı real siyasətdə müxalifət yoxdur.

İlham Əliyevin prezidentliyi dövründə balanslaşdırılmış siyasət Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir

Hesabatın son hissəsində isə Azərbaycanın bölgədə əsas söz sahibi olan regional və qlobal güclərlə münasibətlərindəki vəziyyətdən danışılır və İlham Əliyevin prezidentliyi dövründə balanslaşdırılmış siyasətin Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri olduğu qeyd edilir.

Vurğulanır ki, bu dövrdə Türkiyə-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, beynəlxalq tədbirlərdə və bir çox önəmli problemlərin həllində iki dövlət daima bir-birini dəstəkləmişdir. Enerji layihələrinin reallaşması ilə güclənən strateji əməkdaşlıq, “Petkim”in özəlləşdirilməsi ilə yeni mərhələyə qədəm qoymuşdur. Müəllif qeyd edir ki, 2018-ci ilədək Türkiyədəki Azərbaycan sərməyalərinin həcmi 17 milyard ABŞ dollarına çatacaq.

Rusiya ilə münasibətlərə toxunan müəllif Azərbaycanın enerji təhcizatı və iqtisadi baxımdan Rusiyadan asılı olmadığını qeyd edir. Vladimir Putinin Bakıya son səfərinin ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verdiyini deyən müəllif qeyd edir ki, Azərbaycanla münasibətlər Rusiya üçün Şimali Qafqazın nəzarətdə saxlanılması, Xəzərin hüquqi statusunun həll edilməsi, enerji sahəsində qarşılıqlı əməkdaşlığın qurulması və İran məsələsinin gələcəyi baxımdan çox əhəmiyyətlidir.

Hesabatda həmçinin Azərbaycan-ABŞ münasibətlərinin son 20 ildə xeyli inkişaf etdiyi, müstəqilliyin ilk illəri ilə müqayisədə Azərbaycanın Qərb, Qərbin isə Azərbaycan üçün əhəmiyyətini şərtləndirən daha çox məsələnin mövcud olduğu vurğulanır.

İranla münasibətlərə gəldikdə isə müəllif bu dövlətin Azərbaycanın dünyəvi quruluşu, İran əhalisinin xeyli hissəsinin etnik azərbaycanlılardan ibarət olması, rəsmi Bakının türkdilli dövlətlər, Qərb və İsraillə əməkdaşlığı səbəbindən Azərbaycanı təhdid olaraq gördüyünü deyir.

Lakin o qeyd edir ki, yeni prezident Həsən Ruhani tərəfindən qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinin hökumətin prioritetlərindən birinə çevrilməsini və iki ölkə arasındakı tarixi bağları nəzərə alaraq yeni dövrdə rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına ümid etmək olar.

Hesabatın tam mətni ilə əşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

https://www.orsam.org.tr/tr/yazigoster.aspx?ID=4742

https://www.orsam.org.tr/tr/trUploads/Yazilar/Dosyalar/2013104_170%20rapor.pdf

OXŞAR XƏBƏRLƏR