‘Türklərin elə özü demiş - mövzunun bu tərəfi bizi heç ilgiləndirməz’ - Elşən Musayev

SİYASƏT
00:10 08.01.2014
1296
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. 
AZXEBER.COM həmin yazını təqdim edir.

Doğma Türkiyə çox ciddi bir sınaq dövrünü yaşayır. Demək olar bütün dünyanın diqqəti hal-hazırda bu məkana pərçimlənib, eyni zamanda proseslə bağlı maraqlı rəylər, mülahizələr, təfsilatlar söylənməkdədir. Və..paralel olaraq bütün işartılar həm də o məntiqi ifadə edir ki, gerçək “Kurtlar vadisi” qonşu məmləkətdə məhz indi başlayır. Canli bölümlər bir-birini sıralamaqdadır. Artan dinamika üzərində baş verən olaylar isə getdikcə kritik bir fon alır və deyim ki, bu kritika yalnız Ərdoğan üçün deyil, ümumən Türkiyə dövləti üçün keçərlidir..

***

Yəqin, çoxları xatırlar, Ərdoğanın hakimiyyətə gəlişini. O zaman bu nəticədən Türkiyənin özü belə şokda idi. Niyə? Çünki uzun illər siyasi mənsubiyyətindən daha çox dini mənsubiyyəti ilə ön plana çxan, eyni zamanda Erbakan kimi sırf dini təmayüllu birinin yetirməsi olan Ərdoğan cəmiyyət içində tam başqa bir düşüncə tərzi ilə tanınmışdı. Amma o ictimai rəyin nəbzini tutdu və sonucda qələbəsini təmin edə bildi. Təbii, prosesin gedişatında bir sıra güclərin və maraqların himayəsi də hiss olunmamış deyildi. Fəqət, türklərin elə özü demiş - mövzunun bu tərəfi bizi heç ilgiləndirməz. Və ya reallıq ondan ibarətdir ki, Ərdoğan müasir dünya siyasətinin əsas həlqəvari açarlarından biridir, onun gücünü və xarizmasını bütün hallarda inkar eləmək, danmaq mümkün deyil və nəhayət bu insan artıq öz möhürünü mənsub olduğu dövlətin də, millətin də tarixinə çoxdan vurub. Xisləti, dünyagörüşü, siyasi xətti hər nə olsa belə...

***

Türkiyənin iqtisadi tərəqqisi heç vaxt bu günki həddə olmayıb. Bu da bir başqa reallıqdır. Hərçənd mülahizələr həm də o istiqamətdə gedir ki, son proseslər təxminən 100 milyard dollar civarında geriləmə gətirib. Amma niyə gətirib? – bax, ilkin olaraq bu sualın cavabını tapmaq gərəkdir. Eyni zamanda xüsusi olaraq vurğulanır, daha doğrusu qabardılır ki, dərin dövlət bu gün hakimiyyətin yanında deyil. O zaman sual edirəm: Türkiyəni bu günlərə gətirən həmin dərin dövlət deyilmi? Və ya onlar addım-addım, qram-qram ərsəyə gətirdikləri, toparladıqları dövləti hər hansı bir hadisənin ya da fərdin güdazına verərmi? - Əsla!

Diqqət edin: “Gezi Parkı“skandalı nə zaman başladı? – Ərdoğanın kürd problemi ilə bağlı atdığı kritik addımdan dərhal sonra. Yaxşi bəs korrupsiya ittihamı ilə bağlı ölkəni bir-birinə qatan proseslər nə zaman vüsət aldı? - Bələdiyyə seçkilərinə 3 aydan daha az müddət qala. Arada necə, bir bağlılıq varmı? -Şübhəsiz və birmənalı! Niyə? Çünki dünyanın görmək istədiyi Türkiyə tam başqadır. Ələlxüsus da Amerikanın və onlara bağlı aparıcı dövlətlərin. Və ya Asiyadan Avropaya, Avropadan Qərbə qədər artıq böyük bir nüfuz zolağını zəbt edən Türkiyə eyni adlı qüvvələrin marağını təmin edə bilməzdi. Və bilmədi də! Bu söylədiyim isə bir tək Türkiyə dövlətinə aid məsələ deyil, bütünlükdə Türk mənsubiyyətinə olan baxışdır, yanaşmadır, tərzdir...

***

Artıq aylardır Türkiyə şəhid vermir. Eyni zamanda qarşı tərəf, yəni bu dövlətin uzun illər düşmən qismində gördüyü bəlli bir qism kürd millətçiləri də ortalığa xüsusi bir tələb və şərt qoymur. O zaman sual edirəm: Dövlətin və vətəndaşın eyni adlı mövzu ilə bağlı bu günə qədər istədiyi nə idi? Elə bu idi də...Və ya, hərbi xidmət 3 ay azaldılıb. Yenə də haqqında danışdığımız problemin çözülməsi fonunda. Yaxşı bəs bunun nəyi pisdir? Yenə də qazanan dövlət və ona mənsub olan vətəndaşdır da, deyilmi? Amma yox...bir başqa rakursdan yalnış olan tərəf var. Nədir? - Bayaq haqqında danışdığım fövqəl-dövlətlərin gözünə tərs tərəfdən girmə və onları təbdən çıxarma məziyyəti. Ya da belə deyək: Elə şeymi olar, türk olasan, problemin olmasın, başın özünə qarışmasın? Və ya türk nədir, problemsizlik nədir? - Olmaz! Mümkünatı belə yoxdur! Tarixində olmaz! Və ya, ən azından Amerika başda olmaqla Qərbin təbirincə, zehniyyətincə - olmaz!

P.S. Qərbə və davamlı demokratiya imitasiyası edən azğın dünyaya Tansu Çillər kimi baş nazir lazımdır. Yetişdirilib, hakimiyyətə gətirilib, ardınca da idarə edilməsi, yönləndirilməsi mümkün olan biri! Və ya Türkiyə kimi bir ölkənin baş naziri heç kim olandan sonra, onun ruhuna və cisminə kim toz qondurar? Əlbət ki, heç kim. Niyə? Çünki, müasir dünyada ən çox sevilən siyasi sərkərdələr “fatı qalx-fatı otur”ritorikası ilə əl meymununa çevrilənlərdir! Ərdoğan isə belələrindən deyil. O, özü oturdub-qaldırmağa adam axtarır!

***

Türkiyənin siyasi meydanında korrupsiya ittihamı cövlan edir. Eyni zamanda bəs-bəlli görünür ki, dövlətin içinə müəyyən qüvvələr açıq bir formada sızıb və onun dayaq nöqtəsini, gövdəsini silkələməyə çalışır. Amma inandırım sizi, ortalıqdakı təzahüratlar yalnız vizual xarakter daşıyır və son dərəcə də aldadıcıdır. Hətta deyim ki, eyni adlı məsələdə ən çox adı hallanan Fətullah Gülənlə bağlı iddialar belə mifoloji elementdən savayı bir şey deyil. Və ya, bu sadəcə təsadüfdür. Fəqət, Amerikanın məxsusən planladığı və yalnız özünə sərf elədiyində ortaya çıxarmış olduğu “təsadüf”. Nə deməkdir bu? - O deməkdir ki, Qərb uzun müddətdir Türkiyə ilə bağlı kompromatları toplayıb və paralel olaraq zərbə məqamını gözləyib. Həm də təbii, onu birbaşa öz əli ilə vurmaq istəməyib. Və...bir baxır ki, Ərdoğandan gözəl bir ötürmə gəldi. Necə? - Bayaq haqqında danışdığım və Türkiyənin bəlli dairələrində ictimai rəyə öz adını son dərəcə dərin miqyasda oturtmuş Fətullah Gülənlə lüzumsuz bir ritorika açmaqla! Onun adına və ideyalarına bağlı dərshanələri qapatmaqla. Hərçənd buna heç ehtiyac yox idi. Gerçəkdən! Və ya Ərdoğanın boşluğu da məhz belə şeylərdir. Ələlxüsus da son dövrlər Baş Bakanın timsalında müxtəlif səpkili kuryoz qərarların verilməsinin şahidiyik. Məsələn bu yaxınlarda spirtli içkilərin satışının qadağası ilə bağlı analoqu olmayan qərar qəbul olunmuşdu. Buna necə, ehtiyac vardımı? Təbii, xeyr. Və ya bu dövlətin qonağı var, turisti var, gəlib gedəni var, üstəgəl “sənin” də qəbul etdiyin dünyavilik prinripi var. Dinə bu qədər meyl etmək olmaz axı...Əksinə, onu dövlətdən hər zaman ayrı saxlamaq lazımdır. Lap şablon xətrinə olsa belə! Çünki, ən azından modern dövlətin ana prinsiplərinə sayqı ifadəsidir bu!

Ardınca, dərshanə məsələsi. Onların ard-arda bağlanması... Durduq yerdə nəyə lazım idi bu qərar? Və ya, hamıya bəllidir ki, Fətullah Gülən siyasi iddiası olan biri deyil. Hər halda belə bir iddia olsaydı 40 ildə özünü biruzə verərdi. Onun sadəcə öz dünyası, öz ideyaları, öz tərəfdaşları var. Vəssalam! Yaxşı, niyə tapdalayırsan adamın ayağını? Niyə Amerika boyda düşməninə öz millətindən olan birinin əli ilə zərbə endirmək rəvacı verirsən? (Hərçənd bu məsələnin özündə də artıq bəlli işartılar görünür. Məsələn: Fətullah Gülənin Türkiyə Prezidentinə ünvanladığı son məktub. Hansı ki artıq mətbuatda tirajlanıb. Məzmunu da çoxlarına bəllidir. Məğz və qənaət isə bundan ibarətdir ki, artıq Fətullah Gülən Amerikanın hiyləsini anlayıb və bu oyunlara alət olmaq istəmir. Eyni zamanda mövcud hakimiyyətlə hər hansı bir prinsip və qarşıdurması varsa belə onu daha sonrakı mərhələyə saxlamağa qərarlı kimi görünür)

***

Və nəhayət, yenidən bayaq haqqında danışdığım 100 milyard dollarlıq ziyanın üzərinə qayıtmaq istəyirəm. Həm də xüsusi bir xatırlatma ilə: Bu rəqəm göydəndüşmə deyil. Onun sıfırlarının sayı, artım və eniş dinamikası belə bəlli şəbəkə tərəfindən nizamlanır, idarə olunur. Hətta deyim ki, bəlli təmayüldə yetişdirilmiş icraçılar belə var. Məsələn, “Soros”fondu kimi.... Ssenari isə dəyişməzdir: Ölkə qarışır, səhmlər düşür, milli valyutanın məzənnəsi itir. Və analoji məqamda rəqib hesab edilən dövlətin bütün maddi resursları bir an içində yağmalanır. Vətəndaşın isə xəbəri belə olmur, nə baş verdi. Fərqinə belə varmır, meydana nəyin və kimin uğruna çıxmışdı...

P.S. Qeyd edim ki, “Soros”kimilər fəsiləsinin nümayəndələri Azərbaycanda da eyni ssenarini dəfələrlə təkrarlamağa çalışıblar. Və, həmişə də “yeməyib gediblər”...

OXŞAR XƏBƏRLƏR