Türkmənistanın Xarici İşlər Nazirliyi (XİN) “New Baku Post” qəzetinin 16 yanvar tarixli sayında dərc olunmuş, Xəzər dənizindəki mübahisəli neft yatağı ilə bağlı yazıya kəskin reaksiya verib. “İkilikdə həll edək” adlı məqalədə Azərbaycan tərəfinin “Kəpəz”, türkmənlərin isə “Sərdar” adlandırdığı yataq ətrafında yaranmış mübahisədən bəhs edilirdi.
Yazıda öz fikirlərini bölüşmüş Bakı Dövlət Universitetinin “Xəzər” Elmi Mərkəzinin direktoru professor Çingiz İsmayılov “Kəpəz” yatağının 1981-ci ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edildiyini, həmin vaxt isə bu yataqda hasilata başlamaq üçün lazımi texnologiyanın olmadığını bildirib.
Politoloq Rüstəm Məmmədov isə Türkmənistan tərəfinin adı çəkilən neft yatağına dair mübahisəni beynəlxalq arbitraj məhkəməsində çözmək istəyinə münasibət bildirərək deyib ki, nə rəsmi Bakının, nə də Aşqabadın beynəlxalq məhkəmənin çıxardığı qərarları icra etməklə bağlı öhdəliyi olmadığından “Kəpəz” yatağının hansı ölkəyə məxsusluğunu qlobal müstəviyə çıxarmaq mümkün deyil.
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə vəziyyətdən ən yaxşı çıxış yolunu yatağın birgə işlənməsində olduğunu deyib. Söhbət 50:50 nisbətində karbohidrogen ehtiyyatlarının bölünməsindən gedir.
Türkmənistanın həmin yatağı təkbaşına işlətmək imkanı da yoxdur. Yataqdakı neft ehtiyatı az olduğundan xarici şirkətləri prosesə cəlb etmək hələ mümkün deyil.
Bu dəlillər qarşı tərəfi narazı salıb. Türkmənistanın XİN-in mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, qəzetin hansısa mütəxəssislərə istinadən uzun illər boyu müxtəlif dövlətlərin, o cümlədən də Xəzəryanı ölkələrin elmi strukturlarının nümayəndələrinin üzərində birgə çalışdığı mürəkkəb və həssas mövzunu nəzərdən keçirmək istiqamətində “primitiv cəhdlər” etməsi düzgün deyil.
Bəyanatda deyilir: “Bu “ekspertlər”in fikirlərinin tərkibinə toxunmadan onların qərəzli və obyektivlikdən uzaq olduğunu vurğulamaq istərdik... Bu kontekstdə Türkmənistan tərəfinin mövqeyi həmişə ondan ibarət olub ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi sistemli və çoxsəviyyəli danışıqların mövzusudur, sahilyanı ölkələr arasında yaradılmış və fəaliyyət göstərən dövlətlərarası mexanizmlər çərçivəsində həll edilməlidir.
Problem barədə səthi məlumatlara malik olan kütləvi informasiya vasitəsində yer almış emosional ritorika danışıqlar prosesinin müsbət inkişafına kömək etməyəcək. Ümid edirik ki, gələcəkdə bu məsələlərə hər hansı “mülahizə” olmadan peşəkar şəkildə baxılacaq” – deyə bəyanatda bildirilir.
Göründüyü kimi, Türkmənistan tərəfi azərbaycanlı ekspertlərin bu məsələ ilə bağlı əsaslı fikirlərinin nəzərə alınmasında maraqlı deyil və danışıqların iki ölkənin rəsmi şəxsləri arasında, ictimaiyyətə gizlin şəkildə aparılmasında maraqlıdır. Əks təqdirdə “New Baku Post” qəzetinin dərc etdiyi yazıya belə kəskin münasibət bildirilməzdi.
İstənilən halda, mübahisəli məsələlər iki ölkənin ictimaiyyətinə açıq şəkildə təqdim olunmalı, şəffaflıq prinsipi və diplomatik yolla həll edilməlidir.
Türkmənistanın bu məsələni uzatması və orta xətt prinsipini başqa cür qəbul etməsi anlaşılan deyil. Buna görə də, türkmənlər Azərbaycan nümayəndələrinin mövqeyini nəzərə almaq istəmir.