Ukrayna Rusiyanın ölkə ərazisinə "Oreshnik” orta mənzilli ballistik raketlə hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasını çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha ABŞ-da yerləşən "X” sosial media platformasında paylaşımında məlumat verib. O, Rusiyanın gecə saatlarında Ukraynaya qarşı həyata keçirdiyi hava hücumlarına sərt reaksiya verib.
Nazir Rusiyanın Ukraynanın Lvov bölgəsinə "Oreshnik” orta mənzilli ballistik raketlə zərbə endirdiyini xatırladaraq bildirib ki, bu hücum Avropa təhlükəsizliyi üçün ciddi təhdiddir:
"AB və NATO sərhədlərinə bu qədər yaxın həyata keçirilən hücum Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid yaradır və transatlantik birlik üçün sınaqdır”.
Andrey Sibiha hücumdan dərhal sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıldığını açıqlayıb.
O, həmçinin Ukrayna ordusunun Rusiya prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına hücum etmədiyini bir daha vurğulayaraq, Rusiyanın Ukraynaya qarşı hücumlarını əsaslandırmaq üçün bəhanə axtardığını qeyd edib.
Nazir Rusiyanın orta mənzilli ballistik raketdən istifadəsini "həqiqətən qlobal təhlükə” kimi qiymətləndirib. Bildirib ki, hücumla bağlı ABŞ, Avropa müttəfiqləri və beynəlxalq təşkilatlar məlumatlandırılıb.
Sonda Sibiha bütün məsuliyyətli dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın yaydığı yalanları qınamağa və təcavüzkara qarşı təzyiqləri gecikmədən artırmağa çağırıb.
Gülay








































