Ukrayna bu tarixə qədər dözsə, müharibədə qalib gələcək: Lend-liz nəyi dəyişəcək?

Ukrayna bu tarixə qədər dözsə, müharibədə qalib gələcək: Lend-liz nəyi dəyişəcək?
MANŞET
16:44 10.05.2022
868
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ prezidenti Cozef Bayden Ukraynaya hərbi yardımla bağlı Lend-liz qanununu imzalayıb.

Bu qanun Ukraynaya məhdudiyyətsiz silah verilməsini əks etdirir. Başqa sözlə desək, Ukraynaya silah verilməsinə mane olan bütün qanuni məhdudiyyətlər aradan qalxır.

Bəs Baydenin bu qanunun imzalaması Ukrayna-Rusiya müharibəsinin gedişatına necə təsir edəcək? Gözləntilər nələrdir?
 



Məsələ ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadə AZXEBER.COM-a fikirlərini bildirib. O, qeyd edib ki, Lend-liz qanununun icrasına 3 həftə sonra başlanıla bilər:

"Prezident Baydenin bu qanunun imzalaması hüquqi əsasdır ki, Ukrayna dövləti başqa dövlətlərdən ABŞ hesabına silah alsın. 33 milyard dollarlıq əlavə büdcə vəsasitinin ayrılması barədə qanun layihəsini konqres 3 həftədən sonra müzakirə edəcək. Yəni Lend-liz qanunu imzalanıb, amma hələ gözləyir, icra edilə bilinmir. Çünki maliyyə vəsaiti yoxdur. 3 həftədən sonra konqres 33 milyard dollarlıq əlavə vəsait haqqında qanunu qəbul edəndən sonra, bəli, artıq Ukrayna höküməti dünyanın istənilən ölkəsindən istədiyi silahı ala bilər. O cümlədən, ABŞ da bu silahları Ukraynaya verə bilər. Lakin elə indinin özündə ABŞ və Avropanın digər dövlətləri Ukraynaya kifayət qədər ağır silah göndərir. Sadəcə bu silahı alıb mənimsəmək, öyrənmək, yeni silahlı birləşmələr təşkil etmək və onları bir-biri ilə uyğunlaşdırmaq zaman istəyir. Ona görə də, hələlik Ukrayna ordusu ölkənin Şərqində ağır döyüşlər aparır, hələ ki, addım-addım geri çəkilir. Rus ordusu son gücünü toplayaraq hücuma keçir. Amma hələ ki, müharibənin müqəddəratı müəyyən deyil”.

Politoloq həmçinin qeyd edib ki, Ukrayna iyula qədər dözsə, müharibənin gedişində kəskin dönüş yarada bilər:

"Ukrayna ordusu iyula qədər dözsə, yəni qəti məğlub olmasa, bundan sonra yeni hazırlanmış hərbi hissələr, ehtiyat hissələri döyüşə qatılıb müharibənin gedişində kəskin dönüş yarada bilər və rus ordusunu məğlub edə bilər”.

Z. Əlizadənin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza da təsir edir:

"Mütəmadi olaraq bütün bunların Cənubi Qafqaza təsiri hiss edilir və həlledici təsirə malikdir. Çünki Cənubi Qafqazdakı bütün hadisələri Rusiya idarə edir. Azərbaycan-Ermənistan münaqişəsini, Ermənistan dövlətinin mövqeyini və s. Rusiya müəyyənləşdirir. Əgər Rusiya zəifləyərsə, məğlub olarsa, təbii ki, onun vassalı Ermənistanın da mövqeyi zəifləyə bilər. Lakin Rusiya qalib gələrsə, Cənubi Qafqaz üçün də istədiyi qərarları verə bilər”.
 


Məsələ ilə bağlı politoloq Tural İsmayılov da AZXEBER.COM-a fikirlərini bildirib. O, qeyd edib ki, ABŞ bu qanunu imzalamaqla Rusiya-Ukrayna müharibəsinə yanaşmasını bir daha ortaya qoymuş oldu:

"ABŞ tarixində ikinci dəfə Lend-liz haqqında qanunu prezident səviyyəsində imzalamaqla Rusiya-Ukrayna müharibəsinə yanaşmasını bir daha ortaya qoymuş oldu. ABŞ hazırda Rusiya ilə Ukrayna arasındakı müharibəni İkinci Dünya Müharibəsi dövründəki dəhşətli ssenari kimi düşünür. Onsuzda indiyə qədər ABŞ və NATO tərəfindən Ukraynaya milyardlarla dollar yardım ayrılıb və bu yardımların bir çoxu heç bir formada gizlədilməyib, əksinə açıq-aydın bəyan edilib. Hələ bəyan edilmədən və açıqlanmadan Ukraynaya göstərilən yardımın miqdarı kifayət qədər çoxdur. Düşünürəm ki, bu qanundan sonra Ukraynaya yardımların sayı dəfələrə artacaq. Bu da hazırki müharibədə Ukraynanın mövqelərinin daha da güclənməsinə səbəb olacaq. Bütövlükdə isə bu Rusiyanın aqressiv addımlarında müəyyən qədər düşünməyə səbəb olacaq və istənilən halda Rusiya Ukrayna ilə bağlı qərar verərkən ABŞ-nin bu qanunu, eyni zamanda Qərbin Ukraynaya göstərdiyi dəstəyin Rusiya üçün problemlər yarada biləcəyini də anlayacaq. Bu da Rusiyanın daha da aqressivləşməsinin qarşısını alacaq”.

Politoloq həmçinin bütün bunların Cənubi Qafqaza necə təsir edə biləcəyindən də danışıb:

"Bu qanunun Cənubi Qafqaza birbaşa aidiyyatı olmasa da, gələcəkdə Rusiyanın digər bölgələrdə də Ukraynada davrandığı kimi hansısa işğalçılıq missiyaları ortaya çıxanda Qərbin və ABŞ-nin növbəti Lend-liz qanunlarını imzalaması üçün bir səbəb rolunu oynaya bilər. Bu baxımdan ABŞ-nin ötən gün imzaladığı qanunun gələcək baxımından da böyük əhəmiyyəti olduğunu düşünürəm”.

Onu da qeyd edək ki, Lend-liz İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır. İlk Lend-liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR