2025-ci ildə Ukrayna rəsmi Praqanın irəli sürdüyü təşəbbüs çərçivəsində Qərb dövlətlərinin vəsaiti hesabına üçüncü ölkələrdən alınan 1 milyon ədəd iriçaplı artilleriya mərmisi alıb.
Bu barədə Çexiyanın ČTK informasiya agentliyi baş nazir Petr Fialaya istinadən xəbər yayıb.
Baş nazir Ukraynanın aldığı mərmilərin sayını Kiyevi dəstəkləyən "istəkli ölkələr koalisiyası"na daxil olan dövlətlərin liderlərinin iştirakı ilə keçirilən onlayn konfransdan sonra açıqlayıb.
"Bildirmək istəyirəm ki, bu il Çexiyanın təşəbbüsü sayəsində biz Ukraynaya 1 milyon ədəd iriçaplı sursat tədarük etmişik”, – deyə agentlik baş nazirin sözlərini çatdırıb.
Agentliyin məlumatına görə, 2024-cü ildə Ukrayna Çexiyanın təşəbbüsü ilə 1,5 milyon mərmi alıb. Çexiyaya məxsus KİV-lərin əvvəlki məlumatına əsasən, 2025-ci ildə Ukraynaya 1,8 milyon ədəd iriçaplı mərmi göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya Ukrayna ərazilərini işğal etmək üçün müharibəyə başladıqdan sonra Çexiya Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün sursat alınması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə təxminən 20 ölkə qoşulub.
///Report