Ukrayna ordusu "Vivaldi” əməliyyatı çərçivəsində ümumilikdə 176 kvadratkilometr ərazini yenidən nəzarətə götürüb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski 3-cü Ordu Korpusunun komanda məntəqəsinə səfəri zamanı bildirib. Ukrayna Prezidentinin Ofisi sentyabrın 30-da səfər və əməliyyatla bağlı məlumat yayıb.
Zelenskinin sözlərinə görə, "Vivaldi” əməliyyatının üç mərhələsi ərzində Rusiya qüvvələrinin Slavyansk-Kramatorsk aqlomerasiyasının arxa hissəsinə irəliləməsinin qarşısı alınıb və cəbhənin bu istiqamətində vəziyyət sabitləşdirilib.
Ukrayna Prezidenti bildirib ki, əməliyyat zamanı Rusiya tərəfinin ölən və yaralananlar daxil olmaqla itkiləri 5 mindən çox olub, 250 hərbçi isə əsir götürülüb. Bu rəqəmlər Ukrayna tərəfinin açıqlamasıdır və müstəqil şəkildə təsdiqlənməyib.
Zelenski hərbçilərlə əməliyyatın dördüncü mərhələsi üzrə planların da müzakirə edildiyini deyib.
Görüş zamanı bölmələrin artilleriya və maliyyə təminatı, həmçinin döyüş bölgəsində yerüstü robotlaşdırılmış sistemlərin daha geniş tətbiqi məsələləri müzakirə olunub.
Zelenski bildirib ki, Ukrayna ordusu təhlükəli tapşırıqlarda hərbçilərin əvəzinə pilotsuz və robotlaşdırılmış sistemlərdən istifadənin miqyasını artırmağı planlaşdırır.
Səfər zamanı əməliyyatda iştirak edən bir sıra hərbçilər dövlət mükafatları ilə təltif olunublar.











































