Rusiya-Ukrayna müharibəsinin iki aya yaxındır ki, davam edir. Artıq 56 gündür ki, Ukrayna ordusu və xalqı Rusiyaya qarşı mübarizə aparır. Müharibənin bundan sonra nə qədər davam edəcəyi isə sual altındadır.
Siyasi şərhçi Zərdüşt Əlizadə hazırda müharibənin gedişatı və nə vaxt dayanması ilə bağlı AZXEBER.COM-a gözləntilərini bölüşüb.
O, qeyd edib ki, müharibənin nəticəsini indidən proqnozlaşdırmaq mümkün deyil:
"Ukrayna-Rusiya müharibəsi istənilən vaxtda istənilən nəticə ilə sonlana bilər. Yəni, Rusiyanın qələbəsi də ola bilər, Ukrayna da qələbə çala bilər. Nüvə silahı da tətbiq edilə bilər. Dəqiqini heç kim bilmir, təkcə Putin bilir. Şərhçilərə, siyasətşünaslara isə əsası olmayan yozumlarla məşğul olmaq qalır. Bəziləri deyir ki, müharibə may ayının ortasında bitəcək. Amma heç kim dəqiq deyə bilməz. Bütün istiqamətləri, zamanı Putin bilir. Hələ ki, tərəflər amansızlıqla döyüşürlər, ukraynalılar qəhrəmanlıqla öz vətənlərini müdafiə edirlər. Rusiya isə öz silah və canlı qüvvə üstünlüyündən istifadə edir. Qərb də çox səbrlə və təmkinlər iki dövlətin bir-birini qanına qəltan etməsinə tamaşa edir və öz xeyrini güdür”.

Son günlər xarici mediada Rusiyanın müharibəni mayın 9-da, yəni "Faşizm üzərində Qələbə Günü”ndə yekunlaşdırmağı planlaması ilə bağlı xəbərlər də yayılır. Zərdüşt Əlizadə bununla bağlı danışarkən qeyd edib ki, bu məsələ real deyil:
"Rusiyanın mayın 9-da müharibəni bitirməsi məsələsi real deyil. Hər şey ondan asılıdır ki, əgər Putin nüvə silahını Kiyevə atsa, dövlət idarələri məhəlləsinə taktiki nüvə bombası atsa, Zelenski və onun ətrafını məhv etsə, ola bilər ki, ölkədə tamamilə pərakəndəlik, təlaş yaranar. Bu zaman Rusiya gəlib Kiyevi tutar və sonra öz iradəsini Zelenskinin yerinə təyin edilmiş adama diqtə edər. Əks təqdirdə Qərbin Rusiyaya qarşı cəza tədbirlər o həddə çatacaq ki, Rusiya bir dövlət kimi çökəcək və bu, Rusiyanın məhvinə gətirib çıxaracaq. Rusiyanın Ukrayna üzərində qələbəsi əsla mümkün deyil”.

Politoloq Tural İsmayılov da AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, müharibənin 9 mayda yekunlaşması gözlənilmir:
"Mən düşünmürəm ki, 9 mayadək müharibə bitəcək. Çünki Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı ortada Rusiyanın konkret şərtləri var. Bu şərtlərin yerinə yetirilməsi Ukraynada hakimiyyətdə kimin olmasında asılı olmayaraq mümkün deyil. Özəlliklə Krımın Rusiya ərazisi kimi tanınması, eyni zamanda Donbass məsələsində Rusiyanın istəklərinə güzəştə getmək Ukraynada istənilən bir iqtidar üçün qəbuledilməz şərtlərdən biridir. Digər bir məsələ ondan ibarətdir ki, hər gün Ukraynaya daha çox dəstək verirlər. Artıq Avropa dövlətləri, NATO açıq-aşkar Ukraynaya dəstəklərini bəyan edirlər. Hələ üzdə bu qədər hərbi silah-surat, texnika yardımı edirlərsə, gizli olaraq da Ukraynaya xeyli dəstək verilir. Bu qədər dəstəyin fonunda Rusiyanın Ukrayna ərazilərini işğal edib dağıtmasına Ukrayna səssiz qala bilmir. Müqaviməti davam etdirəcək”.
Politoloq qeyd edib ki, 9 mayadək Rusiya hansısa bir uğur əldə etmək istəyir:
"Rusiyanın düşüncəsində 9 mayadək hansısa ciddi uğur əldə etmək dayanıb. Çünki 9 mayda çox güman Moskvada parad keçiriləcək. Amma bu dırnağarası uğur Rusiya üçün sadəcə olaraq təbliğatın növbəti versiyasıdır. Çünki 9 mayadək müharibənin yekunlaşması gözlənilmir. Ümumiyyətlə, mən düşünürəm ki, bu proses 2022-ci ilin sonlarına qədər davam edəcək”.
Aydın Nuri