Ukrayna Xersona geri qayıdır: Rusiya məğlub olur? - AÇIQLAMA

Ukrayna Xersona geri qayıdır: Rusiya məğlub olur? - AÇIQLAMA
DÜNYA
13:08 11.11.2022
458
Ötən gecə Xersonun artıq Ukrayna artilleriyasının əməliyyat zonasında olması ilə bağlı ukraynalı jurnalistlər məlumat yaydı. Bildirildi ki, Ukrayna kəşfiyyatçıları Xersondan 18 km-dən az məsafəyə çıxıblar.

Bəs bu, Ukraynanın qələbəsi və Rusiyanın məlubiyyətini göstərirmi?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında deyib ki, Ukraynanın bu qədər dəstəklənməyi fonunda öz ərazi bütövlüyünü bərpa etməsi üçün qazandığı kiçik qələbələr indiki dövr üçün çox önəmlidir:

"Faktiki məsələ ondan ibarətdir ki, Rusiyanın Xersonu işğal edib, ilhaq etməsi üzərindən elə də uzun müddət keçməyib. Çox qısa müddətdə Ukrayna Xersonda özünün hakimiyyətini yenidən bərpa etdi. Bu, müharibənin indiki mərhələsində Ukraynanın birmənalı şəkildə qələbəsini göstərir. Ukrayna Rusiya ilə savşında aldığı ciddi dəstəklərin real nəticəsini ortaya qoymuş olur”. 

Politoloq bildirib ki, Ukraynanın bu qələbəsi böyük bir motivasiyadır:

"İndiyə qədər bir çox ekspertlər Ukraynaya edilən dəstək fonunda hələ də Rusiyanın Ukrayna ərazilərində irəliləməsini və mövcudluğunu ciddi sual altına qoyurdu. Lakin son hadisə göstərdi ki, bu dəstəklər boşuna deyil və Ukrayna artıq Xersonun böyük bir hissəsində özünün suverenliyini və ərazi bütövlüyünü təmin etmiş hesab edilir. Əlbəttə ki, Ukraynanın bu qələbəsi həm Ukrayna ordusu, həm Ukrayna siyasəti hakimiyyəti, həm də xalqı üçün böyük bir motivasiyadır. Bu, Ukraynanın növbəti qələbələrini də özündə ehtiva edir”. 

T. İsmayılov həmçinin bildirib ki, Ukraynanın bütöv qələbəsindən danışmaq hələ tezdir:

"Hələ ki, Xerson üzərində hakimiyyətin bərpa edilməsindən sonra Ukraynanın bütöv qələbəsindən danışmaq bir qədər tezdir. Rusiya indiki halda Ukraynanın bu hücumlarına tab gətirmədiyi üçün geri çəkilib. Lakin tamamilə Ukrayna ərazisindən geri çəkilmə ehtimalı hələ ki, real görünmür.  Ümumiyyətlə, Ukrayna və Rusiya cəbhəsindən danışıqların davam etdirilməsi və laütlüyü ilə bağlı müxtəlif mesajlar səslənir və hesab edirəm ki, bu mesajlar çox uzaq olmayan zamanda iki ölkə rəhbərlərinin görüşlərinə də zəmin yaradır. Amma birmənalı olaraq Ukraynanın qələbəsi və Rusiyanın məlubiyyətindən danışmaq hələ aktual deyil”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR