Ukraynada müxalifət hökumətin istefası üçün imza toplayır
DÜNYA
14:00 15.12.2013
949
Ukraynada artıq 3 həftədən artıqdır davam edən etirazlar səngimir. Müxalifət və hökumət tərəfdarları bu gün milyonların yürüşünü keçirəcəklərini bəyan ediblər. ABŞ isə Ukrayna müxalifətinə dəstəyini nümayiş etdirib. Bu ölkəyə səfər edən amerikalı rəsmilər bəyan ediblər ki, Ukraynada dinc aksiyalara qarşı zorakılıq edənlər barədə sanksiyaların tətbiq edilməsi haqqında ABŞ Senatına təqdim ediləcək qətnamə dərhal və yekdilliklə qəbul ediləcək.Ukraynada hökumətə qarşı davam edən etirazlar fonunda ABŞ-ın senatoru Con Makkeyn bu ölkəyə səfər edib. Səfəri zamanı amerikalı rəsmilər paytaxt Kiyevdə müxalifət nümayəndələri ilə görüş keçiriblər. Tərəflər arasında əsas müzakirə mövzusu Ukraynanın Avropa Birliyinə daxil olması məsələsi olub. Makkeyn görüş zamanı müxalifətə dəstək olacağını bildirib: “İnanırıq ki, Ukraynanın gələcəyi Avropa ilə bağlıdır. Mən Ukrayna xalqının demokratiya uğrunda, ölkədə demokratik prinsipləri bərpa etmək uğrunda gördüyü işlərlə fəxr edirəm. Biz dinc inqılab istəyirik. Buna isə, təkcə dialoqlarla nail olmaq olar. Lakin bu dialoqlar Avropa Birliyinə üzvlük yönündə olmalıdır. Düşünürəm ki, ən vacib məsələ budur”.