Azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biri olan Ukraynadakı hadisələr ölkəmizdə də diqqətlə izlənilir.
500 min insanın yaşadığı Ukraynada son durumla bağlı Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu AZXEBER.COM-a video-müraciət göndərib.
X.Həqiqətoğlu hazırda Rusiyanın hərbi bazaları hədəf aldığını, yaşayış binalarına hücum etmədiyini bildirib.
Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlılar üçün artıq qaynar xətt yaradılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciəti yayımlanıb. Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Azərbaycanın Ukraynada səfiri Elmira Axundova da həmyerlilərimizə müraciət ünvanlayaraq onları təmkinli olmağa səsləyib. Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: "Azərbqaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik”.
E.Axundova səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edəcəyini söyləyib.