Ukraynadan Çeçenistana onlarla meyit gətirilib

DÜNYA
10:37 30.05.2014
1407
Çeçenistan sakinləri ötən gün Ukraynanın Donetsk vilayətindən Çeçenistana onlarla meyit gətirildiyi barədə mətbuata məlumat verib. ANS PRESS-in məlumatına görə, Çeçenistanın güc strukturları bu informasiyanı şərh etməkdən imtina edib. Çeçenistan sakinləri bildirib ki, öldürülənlər Donetsk vilayətində özünümüdafiə dəstələrinin tərəfində döyüşənlərdir. Onlar meyitlərin sayı barədə müxtəlif rəqəmlər bildirir. Həlak olanların sayı 35-dən 40-45-ə qədər olduğu qeyd olunur. Çeçenistan sakini “Mənim qohumum güc strukturlarında işləyir. O danışırdı ki, dünən respublikaya Ukraynadan bizim həlak olan uşaqların onlarla cəsədini gətiriblər. Ölənlərin əksəriyyəti Qudermes, Şalinsk və Urus-Martan rayonlarındandır. Bu rayonlardan birinə 6 cəsəd gətiriblər, digərinə 4. Ancaq bu informasiyanı yaymamağa çalışırlar. Çünki rəhbərlikdən belə göstəriş verilib. Həlak olanları yerli qəbristanlıqlarda basdırırlar”, - deyə bildirib. Çeçenistanın Şali rayonunun sakini isə bildirib ki, Ukraynadakı döyüşlərdə keçmiş xüsusi təyinatlı batalyonunun və digər strukturların könüllüləri iştirak edirlər. “Deyəndə ki, orada çeçenlər yoxdur, açıq-aşkar yalan deyirlər. Son iki həftə ərzində ora Baş Kəşfyyat İdarəsinə tabe olan keçmiş “Qərb” və “Şərq” batalyonlarının xüsusi təyinatlıları göndəriliblər. İtkilər haqda heç kim danışmır, ancaq mən bilirəm ki, ölənlər arasında bizim rayonun sakinləri var. Dünən Germençuk kəndinə Donetskdən cəsəd gətiriblər. Həmçinin Urus Martandan, Qudermesdən və digər yerlərdən də ölənlər var”, - deyə sakin bildirib. Bütün bunlar Çeçenistan əhalisi arasında ciddi narazılıq doğurur. Çeçen xalqı son 20 ildə iki dəfə müharibənin dəhşətlərini yaşayıb. "Ukraynada bizim əməkdaşımız yoxdur. Ola bilər ki, orada bəzi könüllülər olsun, amma bunun respublikanın güc strukturlarına heç bir dəxli yoxdur. Donetskdə həlak olmuş bizim sakinlər haqqında məlumat gəlincə, bu barədə bizdə hər hansı bir məlumat yoxdur", – deyə Çeçenistan Respublikasının güc strukturlarının zabiti bildirib.
OXŞAR XƏBƏRLƏR