20:40 şənbə, 20 Iyul 2019
SİYASƏT

UNESKO erməniləri mat qoydu

17:55, 09.07.20198237
UNESKO erməniləri mat qoydu

Ənvər Yusifoğlu


İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də memarlıq incilərindəndir.


İrəvanda tarixi abidələr qıtlığı


Bu qədim türk şəhərindəki qala divarları və digər arxeoloji abidələrin heç biri ermənilərə məxsus deyildir. Bundan əlavə, İrəvanda mövcud olan qala Səfəvilər zamanı bərpa olunubdur. Şəhərin indiki memarlıq abidələri isə, son yüz ilin mirası kimi dəyərləndirilir. 1679-cu ilə aid "Alban Məbədi”, 1766-cı ilə aid "Göy Məscid”, 1954-cü ildə inşa edilmiş "Razdan körpüsü”, 1957-ci ildə hazırlanmış uydurma "Sisenakaberd” heykəl (soyqırım) abidəsi, 1970-ci illərdə Saralanca küçəsində ucaldılmış "Ana Ermənistan” kompleksi, XX yüzildə salınmış "Maternadaran Muzeyi”, 2001-ci ildə inşa edilmiş "Müqəddəs Georgi Kilsəsi”, Kolumbiya heykəltaraşı Fernando Botero tərəfindən işlənmiş "Kaskad” abidəsi və digər memarlıq kompleksləri möcvuddur.


Halbuki İrəvan şəhərində azərbaycanlılara məxsus "İrəvan Qalası”, "Keçi Qalası”, "Sərdarabad Qalası”, "Talın Qalası”, "Gümrü Qalası” ciddi abidələr memarlıq kompleksi kimi XVI əsrdə Səfəvilər dövlətinin dönəmində salınmışdır. Bununla yanaşı İrəvanda çoxsaylı memarlıq kompleksləri də mövcud olmuşdur. Bu "İrəvan Xan Sarayı” (1578-ci ildə Toxmaq Xan tərəfindən inşa olunubdur), "Göy Məscid”, "Sərdar Məscidi”, "Div Sultan Məscidi”, "Sərdar Bağı”, "Abbas Mirzə Məscidi”, "Şah Abbas Məscidi”, "Rəcəb Paşa Məscidi”, "Təpəbaşı Məscidi”, "Zal Xan Məscidi”, "Dəmirbulaq Məscidi”, "Əmir Səəd Məscidi”, "Yay İmarəti”, hamamlar kompleksi və çoxsaylı türbələr bu qədim Azərbaycan şəhərinin canlı tarixi səlnaməsidir.


Son illərdə Ermənistan "İrəvan qalası” adı altında yeni layihə həyata keçirmək fikrinə düşüb. Bununla da ermənilər üç əsas məqsəd güdürlər. Bu, xaricdən gələn qonaqlara "qədim İrəvan”ı nümunə göstərmək, ermənilərin Şərq mədəniyyətinə, müsəlmanların irsinə tolerant münasibət göstərdiklərini nümayiş etdirmək və yeni "İrəvan qalası”nda XVII-XVIII əsrlər memarlığı üslubunda inşa edilməsi nəzərdə tutulan "Sərdar Sarayı” və ticarət obyektlərindən, bazarlardan karvansaralardan, Şərq hamamlarından və s. külli miqdarda gəlir əldə etmək istəyirlər. Şəhər ətrafında – keçmişdə Yenikənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin smeta dəyəri 6-7 milyard dollar civarındadır.


Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun 2010-cu ilin yanvarında İrəvan səfərində ermənilər rəsmiləri onu şirnikləndirərək "İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını almışdılar. Lakin Y. Lujkov Moskvanın meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu layihənin icrası yeni sponsor tapılanadək təxirə salınıb. Beləliklə İrəvana turist cəlb etmək problemi hələ də davam edir.


"Qafqazın incisi” Şəki Xan Sarayı


İlk dəfə bu möhtəşəm tarixi abidəni 13 yaşım olanda ziyarət etmişəm. Dünyanın nadir mümarlıq və sənət incisi olan "Şəki Xan Sarayı” zərifliyi, burada bədii-estetik baxımdan süslənən təsvirlər, binanın zərifliyi, kosmoqonik inanc kultu ilə uyğunlaşan şəbəkələr, təbii hava axınına görə coğrafi landştaft heyrətamiz bir abidənin əzəmətindən xəbər verir. İndi bu saraya YUNESKO tərəfindən verilən önəm onun dəyərini daha da artırmış oldu. Belə ki, Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya-Herseqovina, Uqanda, Norveç,


Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Müzakirələrdən sonra "Xan Sarayı və Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu da öz növbəsində Ermənistanın uzun müddətdir ki, "Şəki Xan Sarayı” ilə bağlı apardığı təbliğatların iflasa uğraması deməkdir. "Şəki Xan Sarayı” memarlıq kompleksi kimi o qədər cəlbedicidir ki, hətta Çar və Sovet rejimləri milli memarlıq incilərimizi dağıtdıqları zaman bu möhtəşəm abidənin qarşısında vəcdə gələrək ona toxunmamaq qərarını verməyiblər.


Elə bu gün də bu abidə özünün əzəməti ilə sanki görkəmli dövlət xadimi Çələbi Xanla və bütün şəkililərlə nəfəs alır. Şəki sanki, bu gün yenidən öz intibah çağına qədəm qoyub. Təbii olaraq, bütün bunlar Azərbaycan hakimiyyətinin apardığı uğurlun siyasətin məntiqi nəticəsidir.


Erməniləri iflasa uğradan əsil səbəb


Azərbaycan Respublikasının "regionların inkişafı” və "milli turizmə dəstək” strategiyası sayəsində son illərdə bir çox uğurlara imza atılıbdır. Bəzən çoxumuz bunları görüb duymadığı üçün, baş verənlərin fərqində ola bilmirik. Şəkidə "Xan Sarayı” memarlıq kompleksinin ətrafında qədim ənənələrə uyğun şəhərsalma qanunlarına çox ciddi şəkildə dövlət səviyyəsində bir sıra addımlar atılıbdır. Bu, şəhərin qala divarlarının bir daha yenidən abadlaşdırılması, "Xan Sarayı” ətrafında tarixi ənənələrə uyğun tikililərin və ətrafdakı bütün binaların Çələbi Xanın çağında olduğu görkəminin bərpası uğurlu addımlardan biridir. Bununla yanaşı, qədim çağlarda olduğu kimi, "Xan Sarayı”ndan başlayaraq, şəhərin tən mərkəzinə kimi kələğayı, misgərlik, dulusçuluq, xatəmkarlıq, təkəlulduz, bədii tikmə, bədii oyma, bədii şüşə, döymə, xalçaçılıq, zərgərlik, nalbəndlik, ipəkçilik, güləbətin, muncuqlu qurama, saya, piləkli, oturtma və digər milli sənətlərimizi əhatə edən emalatxanaların və mağazaların fəaliyyət göstərməsi şəhərə xüsusi estetik gözəllik gətirir. Milli çalğı alətlərimizin və milli geyimlərimizin istehsal olunduğu məkan kimi də Şəki çox məşhurdur.


Azərbaycan xalqının kosmoqonik inanc kultunun yaddaşı olan milli ornamentlərimizin demək olar ki, bütün növlərinə Şəkidə rast gəlmək olar. Bütün bunlarla yanaşı, Şəki həm də "Muzeylər Şəhəri” kimi də məşhurdur. "Şəki Xan Sarayı”ndan savayı, burada "Tarix diyarşünaslıq muzeyi”, "Tətbiqi sənət muzeyi”, "Mirzə Fətəli Axunzadənin Ev Muzeyi”, "Rəşid Bəy Əfəndiyevin Ev Muzeyi”, "Molla Cumanın Ev Muzeyi”, "Sabit Rəhmanın Ev Muzeyi”, "Bəxtiyar Vahabzadənin Ev Muzeyi”, "Yuxarı Baş Dövlət tarix Memarlıq Qoruğu”, "Kiş Dövlət Tarixi Memarlıq Qoruğu”, "Narın Qala Tarix Memarlıq Kompleksi” və digər tarixi məkanlar Şəkinin daha da maraqlı bölgə kimi tanınması üçün önəmini gücləndirir. Təbii olaraq, Ermənistanda Şəkidə olduğu kimi ən adi tarix və mədəniyyət komplekslərinə rast gəlinməz. Ona görə də ermənilərin apardığı təbliğatlar daim iflasa uğrayır. İndi informasiya texnologiyalarının inkişaf etdiyi dönəmdə kimsəni aldatmaq da mümkün deyil.


UNESKO Azərbaycanda hələ çox işlər görəcək


UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunub. Şəkinin mərkəzi "Şəki Xan Sarayı” ilə birlikdə Dünya İrs Siyahısına salınıb. 2000-ci ildə "Qız Qalası” və "Şirvanşahlar Sarayı” ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır. Bu uğur Azərbaycanın illərdən bəri ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin davamıdır. Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir. UNESKO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə, Dünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir. Bu əlamətdar hadisə, həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqidir. Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) var. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaq.


XƏBƏR LENTİ