Yəməndəki universitetlərdən birində güclü partlayış baş verib.
Hadisə nəticəsində ilkin məlumata görə, azı 3 nəfər ölüb, daha bir neçə nəfər isə ağır yaralanıb.
Məlumata görə, partlayış Yəmənin paytaxtı Sənada yerləşən universitetin binasında qeydə alınıb. İlkin versiyada parlayıcının tədris korpusunun ədəbiyyat fakültəsinin auditoriyaların birində qoyulduğu deyilir.
İnsident Husilərin təşkil etdiyi bayram tədbiri zamanı baş verib. Partlayışın kimlər tərəfindən törədildiyi bəlli deyil. Hazırda hadisənin təfərrüat və səbəbləri araşdırılır.
Bir neçə ildir Yəməndə vətəndaş müharibəsi davam edir. Bənzər hadisələr burada tez-tez yaşanır. Sonuncu elə ötən gün qeydə alınıb. Yəmənin müvəqqəti paytaxtı sayılan Ədən şəhərində iki fərqli terror aktı baş verib.
Hər iki terror aktı üzərinə partlayıcı qurğu bağlamış şəxsin özünü partlatması nəticəsində baş verib. Birinci partlayış hökumət silahlı qüvvələrinin komandirinin evinin qarşısında qeydə alınıb. Komandir özü sağ qalsa da orduya könüllü qoşulmaq istəyənlərdən 25 nəfər həlak olub.
İkinci partlayış isə insan resursları mərkəzinin qarşısında törədilib. Burada da azı 20 nəfər həyatını itirib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil
Ədənin şərqində yerləşən Ras-Abbas hərbi düşərgəsi yaxınlığındakı bu ilin fevralın 17-də də analoji insident baş verib. Burada partlayış nəticəsində azı 10 nəfər həyatını itirib.
Məlumata görə, hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu partlatması nəticəsində baş verib. Ölənlərin çoxu Yəmən hökumətinin hərbçiləri və xalq qurtuluş dəstələrinin döyüşçüləri olub.
"Al-Jazeere" telekanalının məlumatına görə, partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
///anspress