'Univision'un qalibi hansı universitet oldu? - FOTOLAR
GƏNCLİK
12:10 18.05.2012
2958
Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında “Birinci ol” devizi altında keçirilən “Univision” mahnı müsabiqəsi sona çatdı. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, yarışın yarımfinal mərhələsi 15 may tarixində gerçəkləşib və burada müsabiqənin ilk dəfə keçirildiyini nəzər alan münsiflər heyəti finala 10 deyil, 13 universitetin vəsiqə qazanmasına qərar vermişdi. Beləliklə, 17 may tarixində gerçəkləşən final mərhələsi də öz möhtəşəmliyi və tələbələrin fəal iştirakı, iştirakçıları coşğun dəstəyi ilə yadda qaldı. Yarışın final mərhələsində gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatı Hadı Rəcəbli və digər rəsmilər iştirak edirdilər. Hər bir iştirakçının ifasından öncə onun yarımfinalda çıxışını əks etdirən bir neçə saniyəlik çarx nümayiş olundu. Daha sonra öz universitetinə səs verməmək şərti ilə ilk gündən yarışmaya qatılmış 21 universitet digər universitetlərə səs verməyə başladı. Beləliklə, universitetlər bir birinə 1-dən 7-ə qədər və eyni zamanda 8, 10, 12 bal verə bilərdilər. Səs vermə nəticəsində 197 xal toplayan Bakı Musiqi Akademiyası yarışın qalibi elan edildi. Yarışın qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edildi. Bununla yanaşı qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Tədbirdə gəncləri təbrik edən gənclər və idman naziri Azad Rəhimov layihənin çox möhtəşəm olduğunu qeyd etdi. Azad Rəhimov: “Bu həqiqətən çox möhtəşəm bir yarış oldu. “Univision” mahnı müsabiqəsi bir daha sübut etdi ki, Azərbaycanda sözün əsl mənasında çox istedadlı və bacarıqlı gənclər var. Əminəm ki, bu gün çıxış edən gənclərin hər biri gələcəkdə “Eurovsion” mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edə bilər. ” Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır. Tədbirin sonunda, ilk dəfə olaraq tamaşaçılara ATGTİ-nin himni təqdim olundu.