“Urmiya gölünü xilas etmək üçün yol tapa bilməsək, bu hövzəyə tökülən çayların üzərindəki sədlərdən birini dağıdacağıq”.
Bunu İranın energetika naziri Həmid Çitçian deyib.
Nazirin sözlərinə görə, texniki və iqtisadi baxımdan bir səddin dağıdılmasının Urmiya gölünə nicat verəcəyi qənaətinə gəlinib: “Ona görə də zərurət yaranacağı təqdirdə bu işdə tərəddüd etməyəcəyik. Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün sədlərin hamısının məhv edilməsinə ehtiyac yoxdur. Çünki həmin anbarlardan gölə tərəfə axan suyun miqdarı tənzimlənməklə problem həll olunacaq. Ancaq bu həll yolu hələlik planlarımıza daxil deyil”.
H. Çitçian deyib ki, İran Energetika Nazirliyində Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün yaradılmış işçi qrupunun ilk iclası keçirilib: “İki ay ərzində təkliflər və həll yolları hökumətə təqdim edilməlidir. Bununla bağlı bütün informasiyalar xalqın diqqətinə çatdırılacaq”.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin hökumətində təmsil olunan H. Çitçian əslən Təbriz şəhərindən olana azərbaycanlıdır. Digər azərbaycanlı məmur isə sənaye, mədənlər və ticarət naziri Məhəmmədrza Nemətzadədir.
İran Nazirlər Kabinetinin yeni tərkibinin avqustun 18-də keçirilmiş ilk iclasında Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün işçi qrupu yaradılıb, qrupa iki ay ərzində bundan əvvəl aparılmış araşdırmaları və görülmüş işləri nəzərə alaraq yekun sənəd hazırlamaq tapşırılıb. //apa