Ursula Fon der Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək
SİYASƏT
20:23 01.07.2026
149
Avropa İttifaqı (Aİ) Bakıda regional bağlantı məsələlərinə dair konfransın keçirilməsini təklif edir. AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Biz Bakıda Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən bir tədbir olacaq Regional Bağlantı üzrə Konfransın keçirilməsini təklif edəcəyik", - o bildirib.
Onun sözlərinə görə, daha bir məsələ Aİ-nin 20 milyon avro ayırdığı sülhə dəstək proqramı məsələsidir:
"Biz bu regionda sülhün faydasını insanların gündəlik həyatında əks etdirmək istəyirik. Biz vəsaiti səhiyyə, təcili tibbi yardım maşınlarının təchiz edilməsi, minalardan təmizləmə, yerli icmaların gücləndirilməsi, su ehtiyatlarının düzgün bölüşdürülməsi, eləcə də kiçik və orta biznesin dəstəklənməsi sahəsində layihələrə yönəldəcəyik".