Hal-hazırda fəslin birdən-birə qeyri-stabil dəyişməsi nəticəsində həm uşaqlar, həm də böyüklər arasında xəstəliklərin artdığı müşahidə olunur. Xüsusilə kiçik yaşlı uşaqlar arasında respirator virus infeksiyalarının artması narahatlıq yaradır. Mütəxəssislərin bildirdiyinə görə, bəzi hallarda bu virus birbaşa pnevmaniyaya çevrilə bilər.
Həkim-pediatr Günay Rəsulova AZXEBER.COM-a açıqlamasında deyib ki, bu fəsildə virusun artması təbiidir:
"Son zamanlar uşaqlar, xüsusən də ilk iki-üç yaş körpələr arasında respirator sinsitiyal virus (RSV) infeksiyasının artdığı müşahidə olunur. Bu fəsildə virusun artması təbiidir və adətən bu dövrlərdə rast gəlinir.
Əsas əlamətlərinə burun tıxanıqlığı, axıntısı və ardınca baş verə bilən xışıltı, bronxospazm atakları daxildir. Tibbdə buna "vizinq” deyilir. Bronxospazm və boğulma abstraktiv öskürəklə özünü göstərir. Bu virus zamanı erkən müdaxilə və müalicə çox önəmlidir. Virusa qarşı xüsusi müalicə yoxdur. Əsasən simptomlara yönəlik müalicə aparılır, həmçinin ikinci infeksiyaların qarşısını almaq, bronx açıcı terapiya və oksigen dəstəyi kimi tədbirlər tələb oluna bilər. Ona görə də, körpələrdə, xüsusən də ilk iki-üç yaşda olan uşaqlarda valideynlər diqqətli olmalıdır. Virus infeksiyası əlamətləri hiss edilən kimi həkimə müraciət etmək vacibdir ki, problem vaxtında həll olunsun”.

Pediatr qeyd edib ki, virusun qarşısını almaq üçün körpələri xəstə insanlarla təmasdan qorumaq lazımdır:
"Bu virusun qarşısını almaq üçün körpələri xəstə insanlarla təmasdan qorumaq lazımdır. Hazırda peyvəndi yoxdur, amma bəzi xarici ölkələrdə RSV-yə qarşı qoruyucu antitellərdən ibarət preparatlar körpələrə vurulur və bu, əhəmiyyətli dərəcədə qoruma təmin edir. Təəssüf ki, bizim ölkədə hələ ki, belə qoruyucu vasitələr yoxdur. Klinik əlamətləri pnevmoniyadan daha ağır keçə bilən bir virusdur”.
Şahanə Ziyad










































