“Uşaqlara ediləcək hər hansı təzyiq onların gələcəkdə dini seçimlərinə təsir edə bilər" - Elşad Miri

“Uşaqlara ediləcək hər hansı təzyiq onların gələcəkdə dini seçimlərinə təsir edə bilər" - Elşad Miri
SOSİAL
15:58 28.01.2026
749
Xəbər verdiyimiz kimi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında” yeni qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması nəzərdə tutulur. Layihəyə əsasən, valideynlər (və ya onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları öz dini baxışlarına və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Sənəddə vurğulanır ki, uşağın dini tərbiyəsi onun fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

İlahiyyatçı Elşad Miri AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır: 

"Valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etməsi beynəlxalq hüquqda öz əksini tapır, lakin qanun layihəsi ilə bağlı bir sıra detalları aydınlaşdırmaq vacibdir. Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacağı, uşaqların bu hallardan necə şikayət edə biləcəyi məsələləri sual olaraq qalır”.

Ekspert deyib ki, dini etiqad anlayışı aydın şəkildə müəyyən edilməlidir:

"Hazırda ölkədə rəsmi və ya qeyri-rəsmi dini etiqadların mövcudluğu, hansı meyarlara əsasən tanınacağı sual altındadır. Həmçinin, Dini Komitə və ya Qafqaz Müsəlmanları İdarəsinin mövqeləri əsas götürüləcəksə, onların fikirləri yanlışdırsa, bunun həlli necə olacaq? Məsələn, Əfqanıstanda mövcud rəsmi dini etiqadla Quranda göstərilən prinsipləri eyniləşdirmək mümkün olmur”.

E.Miri vurğulayıb ki, uşaqları əsas normal insan kimi yetişdirmək lazımdır:

"Uşaqlar üzərində ediləcək hər hansı təzyiq onların gələcəkdə dini seçimlərinə təsir edə bilər və gənclərin dindən yorulmasına səbəb ola bilər. Əsas məqsəd övladları gözəl insan, sərbəst vətəndaş olaraq yetişdirmək, onlara sərbəst seçim imkanları vermək olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR