Uşaqları xəstəlikdən necə qoruyaq? - “Antibiotik qətiyyən olmaz”

Uşaqları xəstəlikdən necə qoruyaq? - “Antibiotik qətiyyən olmaz”
SAĞLAMLIQ
14:31 23.12.2025
735
Son günlər uşaqlar arasında soyuqdəymə və mövsümi xəstəliklər sürətlə yayılır. Xüsusilə bağça və məktəb yaşlı uşaqlarda öskürək, burun axıntısı və hərarət halları daha çox müşahidə olunur. Uşaqlarda yüksək hərarət, boğaz ağrısı, halsızlıq, baş və əzələ ağrıları kimi simptomlarla müşayiət olunan kəskin infeksiyalara daha tez-tez rast gəlinir. 

Pediatr Şəlalə Poluxova AZXEBER.COM-a açıqlamasında deyib ki, əksər hallarda bu vəziyyət "qrip” adı altında ümumiləşdirilir:

"Əksər hallarda bu vəziyyət "qrip” adı altında ümumiləşdirilir. Halbuki burada söhbət təkcə influenza virusundan getmir. Bununla yanaşı, digər viruslar da bu prosesdə mühüm rol oynayır. Bunlara adenoviruslar, rinoviruslar, respirator-sinsitial virus (RSV), insan metapnevmoniya virusu, eləcə də bəzən COVID-19 kimi virusları misal göstərmək olar. Bu dövrdə həmin viruslara kifayət qədər tez-tez rast gəlinir və onların hamısını bir xəstəlik adı altında birləşdirmək düzgün yanaşma deyil. Bunlar payız–qış mövsümündə hər il müşahidə etdiyimiz, mövsümlə əlaqədar aktivləşən viruslardır. Yəni hazırkı vəziyyət naməlum və ya yeni bir xəstəliklə bağlı deyil, sadəcə mövsüm keçidi fonunda virus infeksiyalarının artması ilə əlaqədardır”.

Pediatr xəstəlikdən qorunma yollarına da toxunub:

"Bu viruslardan tam şəkildə yayınmaq mümkün olmasa da, bəzi tədbirlərlə yoluxma riskini minimuma endirmək olar. Valideynlər uşaqlarda əsasən vacib məqamlara diqqət etməlidirlər. Uşaqların əllərini tez-tez yuması, qapalı məkanların mütəmadi havalandırılması vacibdir. Xəstəlik əlamətləri olan uşaqlar bağçaya və ya məktəbə aparılmamalı, xəstə şəxslərlə yaxın təmasdan qaçınılmalıdır”.

Ş.Poluxova qeyd edib ki, həkim məsləhəti olmadan antibiotik istifadəsi qətiyyən yolverilməzdir:

"Həkim məsləhəti olmadan antibiotik istifadəsi qətiyyən yolverilməzdir. Çünki söhbət virus infeksiyalarından gedirsə, antibiotiklərin heç bir təsiri yoxdur. Lazımsız vitamin kompleksləri və immun stimulyatorları həkim məsləhəti olmadan verilməməlidir, çünki onların effektivliyi əksər hallarda mübahisəlidir”.

Həkim bildirib ki, immun sisteminin yaxşılaşması üçün qidalanma vacibdir:

"Uşağın immun sistemini möhkəmləndirmək üçün yaşa uyğun, balanslı və keyfiyyətli qidalanmanın təmin olunmasıdır. Kifayət qədər yuxu rejimi, açıq havada fiziki aktivlik immun sisteminin güclənməsində əsas rol oynayır. Peyvənd məsələsinə də xüsusi diqqət yetirilməlidir. Qarşısı alına bilən xəstəliklərə qarşı mövcud olan peyvəndlər vaxtında vurulmalıdır”.

"Əksər hallarda düzgün müşahidə və simptomatik müalicə ilə ağırlaşma olmadan sağalma baş verir. Lakin hərarət üç gündən çox davam edərsə, uşaqda ciddi halsızlıq, tənəffüs çətinliyi yaranarsa, maye qəbulu azalarsa, bu halda mütləq həkimə müraciət olunmalıdır”,- deyə pediatr bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR