Mənzili "aparmaq” üçün çox sadə üsuldan istifadə ediblər. Öz
evləri imiş kimi, açarla qapını açaraq içəri daxil olublar. Yataq otağındakı
seyfi tez-tələsik götürərək, ərazini bir göz qırpımındaca tərk ediblər. Törətdikləri
cinayətin üstünün qısa müddətdə açılacağını gözləməyiblər. Çünki dəhlizdəki
domofonun yaddaşına "həkk olunma”ları ağıllarına belə gəlməyib...
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elnur və Elvin Əliyev qardaşları, Vaqif Ağayev, Tural Əzizov və Asəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.
Oğurlanan seyf Hövsan bağlarına aparılıb
İttihama görə, Elnur Əliyev özgənin əmlakını gizli talamaq məqsədilə
adları çəkilən şəxslərlə cinayət ələqəsinə girərək, ötən ilin iyul ayının 26-da
Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, 11/15 saylı evdə yaşayan 48 yaşlı Şəhla
Əhmədovanın mənzilinə açarseçmə yolu ilə daxil olub. Aralarındakı razılaşmaya əsasən,
Asəf Əliyev evin arxa hissəsində avtomobildə qalaraq, ev sahibinin qayıdacağı təqdirdə
məlumat verməsi üçün dayanıb, Tural Əzizovla Vaqif Ağayev isə Elnurun onlara
verdiyi açarla mənzilin qapısını açaraq içəri keçiblər. Yataq otağındakı
dolabdan içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfi götürərək
mənzili tərk ediblər. Ev sahibinə ümumilikdə 110 min manat ziyan vuran dəstə
üzvləri seyfi Hovsandakı bağ evlərindən birinə apararaq orada laqunda ilə kəsiblər,
içərisindəki pulları öz aralarında bölüşdürüblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vasif Ağayev, Asif Əliyev və məhkum olunmuş Tural Əzizov həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin üzvü Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Əliyev və qardaşı 1991-ci il təvəllüdlü Elvin Əliyev barəsində axtarış elan edilib. 18 sentyabr 2015-ci ildə Elnur Əliyev, bu ilin mart ayının 17-də isə qardaşı Elvin Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
"Ramazan bayramı ərəfəsində müdirdən 10 manat istədim, vermədi”
Təqsirləndirilən şəxs qismində dindirilən Elnur Əliyev ona
elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mənzil sahibi Şəhla
Əhmədovanı və onun həyat yoldaşı Təxəyyül Əhmədovu uzun illərdir tanıdığını
göstərib. Belə ki, 9 il öncə Təxəyyül Əhmədova məxsus "Memar Əcəmi” metro stansiyasının
yaxınlığında yerləşən mebel sexində əvvəl fəhlə, daha sonrasa usta işləyib:
"Günəmuzd işləyirdim. Ramazan bayramı ərəfəsində Təxəyyül Əhmədovdan 10 manat
istədim, pula ehtiyacım olduğunu dedim. Pulu olsa da, mənə 10 manat verməkdən
imtina etdi. Bu etiraz ona qarşı məndə qəzəb yaratdı və Təxəyyülü cəzalandırmağı
planlaşdırdım”.
"Mənzilin açarını Vaqifə verdim və...”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 3-4 il əvvəl
T.Əhmədovun yaşadığı mənzilə bulaq suyu apararkən gözü dolabdakı dəmir seyfə
sataşıb. Mebel sexinin sahibinə qarşı qəzəbli olan Elnur həmin seyfi
oğurlayaraq içərisindəki pulları və qiymətli əşyaları götürmək qərarına gəlib.
Bu məqsədlə tanışı Vaqif Ağayevlə görüşüb söhbətləşərək, seyfi oğurlamağı təklif
edib. T.Əhmədovun yaşadığı mənzilin açarını Vaqifə verib və Əhmədovların evdə
olmadıqları zaman seyfi götürməyi tapşırıb: "Vaqif məndən soruşdu ki, özün niyə
getmirsən. Dedim ki, binada yaşayan qonşular məni tanıyır, həmin ərəfədə ora
getsəm ev sahibinə məlumat verəcəklər. Vaqiflə birgə həmin ünvana gəldik. Təxəyyül
və Şəhla Əhmədovların maşınlarını Vaqifə göstərdim”.
"Zəng vurub dedi ki, gəl sənə çatan pulu götür”
İyul ayının 26-da T.Əhmədovun ailə üzvləri ilə birgə çimərliyə
gedəcəyini öyrənən E.Əliyev bu barədə Vaqifə məlumat verib: "Bir neçə saatdan
sonra Vaqif zəng vurub artıq seyfi oğurladıqlarını, özü ilə birgə üç nəfər
olduqlarını, seyfi açmaq üçün Hövsana getdiklərini, mənə çatacaq "payı” götürməyimi
bildirdi. Həmin vaxt işdə olduğuma görə qardaşım Elvinlə əlaqə saxlayıb Hövsana
getməyi və mənə çatacaq pulu götürüb gətirməyi xahiş etdim. Elvin də etiraz etmədi.
Həmin gecə Elvin mənə 10 min manat gətirib verdi. Pulun bir hissəsini qonşulara
olan borcuma ödədim, qalan hissəsi ilə meyvə-tərəvəz alveri etdim. Amma pulu
batırdığım üçün qazanc əldə edə bilmədim”.
"Qızılları Nardaranda gizlətmişdim”
Təqsirləndirilən Vaqif Ağayev ona elan olunmuş ittihamla
özünü təqsirli bilib. O, ifadəsində Əhmədovları tanımadığını göstərib: "Elnuru
qardaşı Elvinə görə tanımışam. Hadisədən 15 gün əvvəl Elnur məndən 50 manat
borc almışdı, amma qaytarmırdı. Pulu tələb edəndə dedi ki, müdirimin yaxşı
imkanı var, evində seyf saxlayır, istəsən açarı verərəm, seyfi götürərsən
pulları yarı bölərik. Mən də razılaşdım. Bu barədə tanışlarım Turalla Asəfə
dedim. Əhmədovlar evdə olmayan zaman Elnur bizə məlumat verdi, həmin ünvana
yollandıq. Biz ora çatanda Təxəyyül Əhmədov ailə üzvləri ilə birgə avtomobilə əyləşib
getdilər. Asəf binanın qarşısında maşında gözlədi, Turalla mən isə mənzilə
qalxıb seyfi götürdük. Seyfi açandan sonra Elnura zəng vurub dedim ki, gəlib
ona çatan payı aparsın. Seyfdən əldə edilən 40 min manatı aramızda böldük.
Elnurun pulunu qardaşı Elvin gəlib apardı. Sonra hamımız ayrıldıq. Bir neçə
gündən sonra Tural tutuldu. Ona görə gizlənməyə başladım. Mənzildən götürülən
qızılları Nardaranda müvəqqəti işlədiyim evdə gizlətmişdim. Həbs olunandan
sonra qızılların hamısını gizlətdiyim yerdən çıxarıb polis əməkdaşlarına təqdim
etdim”.
"Onun əlində laqunda, yerdə açılmış seyf görəndə şübhələndim”
Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla
özünü təqsirli bilməyib. O, ifadəsində nə Asəfi, nə Turalı, nə də Vaqifi əvvəllər
tanımadığını göstərib: "Qardaşım Elnur deyirdi ki, Vaqiflə avtoyuma sexi
götürüb işlətmək istəyir. İyulun 26-da Elnur zəng vurub işdə olduğunu, Vaqifin
telefon nömrəsini verib ona zəng vurmağımı xahiş etdi. Ona çatacaq pulu Vaqifdən
götürməyimi istədi. Mən də zəng vurub Hövsana getdim, pulu Vaqifdən götürdüm. Həmin
vaxt adını sonradan bildiyim Turalın əlində laqunda, yerdə isə açıq vəziyyətdə
seyf var idi. Vaqif şübhələndiyimi görüb dedi ki, sənlik bir şey yoxdur. Mənə
10 min manat verib dedi ki, apar qardaşına çatdır. Mən də həmin pulu gətirib
Elnura verdim”.
"İki nəfərin fotoşəkli domofonun yaddaşına həkk olunmuşdu”
Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Əhmədova ifadəsində
göstərib ki, axşam saatlarında evə qayıdarkən şkafın içərisindəki seyfin
oğurlandığını biliblər. Mənzilin dəhlizində olan domofon aparatının yaddaşına həkk
olunmuş fotoşəkillərdən mənzilə girən şəxslərin iki nəfər olduğu müəyyən
edilib: "Üç gündən sonra hadisənin iştirakçısı olan Tural adlı şəxs həbs
edildi. Məlum oldu ki, oğurluq hadisəsini təşkil edən həyat yoldaşımın yanında
usta işləyən Elnur olub. Onun qardaşı Elvin də bu cinayətdə iştirak edib”.
"Qardaşını xəstəxanaya aparması üçün 60 manat verdim”
Şahid qismində dindirilən Təxəyyül Əhmədov ifadəsində göstərib
ki, gecə saatlarında ailəsi ilə birgə evinə döndüyündə mənzildə oğurluq
olduğunu biliblər. Ertəsi gün mebel sexində olarkən Elnurun işə gəlmədiyini
görüb. Elnurun qardaşı Elvin qardaşının xəstələndiyini, bu səbəbdən də işə çıxa
bilməyəcəyini deyib: "60 manat pul veridm ki, Elnuru xəstəxanaya aparsın. Həmçinin
Vaqif və Tural adlı şəxslərin fotoşəkillərini Elvinə göstərdim, tanıyıb-tanımadığını
soruşdum. Elvin tanımadığını bildirdi”.
Məhkəmənin hökmü ilə Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.