Vətənsizlik düşüncəsinin pərdəarxası nədir?

Vətənsizlik düşüncəsinin pərdəarxası nədir?
MARAQLI
09:52 14.02.2011
2173

Beynəlxalq birliklər bu yöndə fəallıq göstərirlər. Bu sırada daha çox diqqət çəkən əsas məsələ isə ictimai, sosial və siyasi proseslərdə xalqın iştirakının önə çəkilməsidir. Bu bir şərt olaraq irəli sürülür. Belə bir prosesdə ictimai qurumların daha fəal şəkildə hərəkətə keçməsi ümumi inkişafa təkan verə biləcək əsas güc faktoru kimi qəbul edilməkdədir.

Prosesin qaranlıq tərəfi isə odur ki, milli dövlət, milli təhlükəsizlik bir qədər də təhlükə altına alınır. Daha çox fərdiyyətçilik qavramı üst səviyyəyə qaldırılır. Qloballaşma ssenarisinin müəllifləri dünyada dövlətlərin sayının artırılaraq 1000-ə çatdırılmasını da təsbit etməyə çalışırlar. Bu yöndə isə "milli azlıqlara federativ, konfederativ dövlət modelinin tərkibində və ya bağımsızlıqlarına qovuşmalarına imkan yaradılması" tipli yeni modellər təklif olunur.

Dövlət federalizmi məqbuldurmu?

AB, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada dövlət federalizmi daha çox ərazi inzibati vahidi kimi çoxdan rəsmiləşdirilib. Bu sırada etnik ayrımçılığa görə yeni inzibati vahidlər yaratmaq məqbul sayılmır. Ancaq qlobalizmin başında duran bu dövlətlərə məxsus böyük güclər etnik prinsiplərə söykənən dövlət "federalizmi"ni Orta Şərq, Anadolu və Qafqazda tətbiq etmək üçün hətta aktiv siyasətə keçiblər. Bu yöndə bir sıra "proje"lər də gündəmə gətirilməkdədir. 2002-ci ildə müttəfiq qoşunları İraqda Səddam Hüseyn rejimini devirdikdən sonra bu yöndə "Şiə İraqı", "Sünni İraqı" və "Kürdüstan muxtariyyəti" modelini federal prinsiplər əsasında qura bildilər.

Ancaq Əfqanıstanda 18 milyonluq əhali üçün etnik kimlik mənasında heç bir addımlar atılmayıb. Belə ki, bu dövlətdə 6 milyon türkün (4 milyon özbək və 2 milyon türkmən), 6 milyonluq farsdillinin (2 milyon tacik, 4 milyon farslaşmış xəzər) və 6 milyonluq puştunun inzibati, mədəni və hüquqi anlamda uzlaşmasına imkan tanınmır.

Qlobal güclər Gürcüstanla bağlı Acarıstan, Güney Osetiya, Abxaziya və Minqreliya (Qərbi Gürcüstan) modelinin heç də bu dövlətin ərazi bütövlüyü üçün problem olmayacağı inancındadır. Çünki ortada bu regionları birləşdirə biləcək vahid kilsə anlamına istinad olunur.

Azərbaycana gəldikdə, burada Dağlıq Qarabağ, Naxçıvan və digər etnik azlıqlar nəzərə alınaraq, onlara yerli özünüidarəetmə prinsipi ilə deyil, daha çox "muxtar respublika" statusunun verilməsi təklif olunur. Bu yöndə indiki məqamda, sadəcə olaraq, Rusiya, Çin və Qərb qarşıdurması olduğu üçün bu proses dondurulmuş vəziyyətdədir.

Anadoluda isə bir qədər fərqli biçimdə olmaqla, "açılım" projeləri gündəmə gətirildi. Bu yöndə hətta AKP iqtidarının əlilə bir sıra qanunları rəsmiləşdirmək üçün hazırlıqlar da davam edir.

Əksər etnoloq və konfliktoloqların fikrincə, yüzillər boyu Anadoluda və Qafqazda yaşayan toplumların etnoloji mədəni və ictimai həyat tərzi xalqların ortaq dəyərlərə sahib olmasına görə birgə yaşayış tərzinin normasına çevrilibdir. Belə bir uzlaşma mövcuddursa, etnik ayrımçılığa ehtiyac yoxdur. Digər tərəfdən isə "cırtdan dövlətlər modeli" bölgədəki coğrafi şəraitə görə heç də uyarlı hesab edilmir.

Anadolu və Qafqazda yaşayan xalqlara qarşı tarix boyu nə assimilyasiya, nə də rasizm siyasəti aparılmışdır. Bunun fərqinə varmaq istəməyən böyük güclər isə qlobalizm şərtləri daxilində öz planlarını reallaşdırmaqda fəaliyyətlərini çox iddialı bir şəkildə davam etdirirlər.

Qloballaşma və milli siyasət yanlışlıqları

Dünyanın siyasi, iqtisadi, mədəni və sosial həyat tərzində bir sıra dönüşümlər artıq bir bütünlük yaratmaqdadır. Artıq bəşəriyyətin özü belə bu dönüşümlərə alışmağa başlayıb. İndi insanlar üçün dünyanın hər hansı bir nöqtəsilə anındaca bağlantı qurmaq çox sadə görünür. Buna normal yanaşılır. Bu prosesdə mədəniyyətlər arasında uyğunluqlar belə formalaşmaqdadır. Problemin əsas cəhəti ondan ibarətdir ki, qloballaşma müəllifləri bütün prosesləri uzaq nöqtədə dayanmış öz strateji niyyətlərinin süzgəcində idarə etmək iddiasını heç zaman gizlətməyiblər. Qlobalizm məhz onların projelərində yer alan etnokulturoloji dəyərlərin çoxplanlı proqramları əsasında yönləndirilir. Burada hər hansı bir toplumun milli özəlliklərinə yer yoxdur.

Bununla, yanaşı bölgəsəl və milli etnik ayrımçılıq istiqamətində çoxlu sayda təsisatlar qurmaqla, onların özgür yaşam tərzi iddialarına dəstək verilməkdədir. Bu yanlış strategiyanı sosial həyata uyğunlaşdırmaq üçün çoxlu sayda cəhdlər edilir. Halbuki etnik ayrımçılıq siyasətilə qarşılaşan dövlətlər daha çox iqtisadi cəhətdən çöküşlə üz-üzə dayanmaq məcburiyyətində qalırlar. Bunu Azərbaycan və Türkiyənin son illər üzləşdiyi böhranlar da təsdiq edir. Belə ki, PKK tərəfindən aparılan etnik ayrımçılığa görə Türkiyə büdcəsinə ən azından 500 milyard dollar zərər dəyibdir. Azərbaycanda isə ermənilərin Dağlıq Qarabağdakı etnik ayrımçılıq siyasətinin nəticəsi kimi 300 milyard dollar zərər dəyibdir. Halbuki bu iki dövlətdə həmin vəsaitlə regionun sürətli inkişafına təkan verə bilməsi üçün nə qədər böyük imkanlar açıla bilərdi.

Qloballaşma prosesində böyük dövlətlərin özləri də bir sıra riskli problemlərlə üzləşə bilir. Bu gün yaşanılan ağır maliyyə və iqtisadi böhranlar da bütün bunları təsdiq edən əsas amillərdir. Qloballaşma siyasətinin dərinləşdirilməsi və inkişaf etdirilməsinin tərəfdarları iddia edirlər ki, bu böhranlar keçici xarakter daşısa da, etnik ayrımçılıq siyasətinin nəticəsi kimi yeni milli dövlətlərin yaranması sayəsində uzaq hədəfdə daha böyük uğurlar əldə ediləcək.

İndiki şəraitdə inkişaf etmiş dövlətlərdə yerli toplumları qloballaşmanın uzaq hədəflərinə mümkün qədər inandırmaqla, mövcud böhranlardan yayındırmaq lazım bilinir. Qloballaşmanı sadəcə iqtisadi, sosial, texnoloji mənada dünyanın ümumi inkişafı kimi dəyərləndirən bir sıra mərkəzlər heç zaman açıq şəkildə onların strateji hədəflərində olan dövlətlərdə etnik ayrımçılıq siyasətinin yanında durduqlarını açıq şəkildə etiraf etmirlər. Ancaq onların maliyyə dəstəyi verdikləri "milli azlıqlar" proyektləri elə hədəflərin yanında durduqlarını təsdiq edir.

Bu gün texnoloji inkişafı əsas götürərək (əsasən mobil telefon, internet, peyk rabitə və s.) bunun ardınca digər toplumları onlar üçün qeyri-ənənəvi olan psixoloji, ideoloji sahədə yeni təfəkkür tərzinə uyğun şəkildə ictimai düşüncənin inkişaf etməsinə yönəldirlər. Belə bir düşüncə tərzi həm də qloballaşma meyarı kimi qəbul edilməkdədir.

Milli dövlət və bunun ictimai düşüncədə qorunması kimi problemlərin yaranması da buradan qaynaq tapır. Hətta bir sıra dövlətlər bu prosesin qarşısında aciz qaldıqlarını etiraf etmək zorundadırlar. Çünki dövlətin və toplumun milli bütünlüyünü qorumaq üçün bir sıra problemlərin həllində çox böyük çətinliklərlə üzləşiblər.

Cəmiyyətdə qeyri-ənənəvi ideoloji baxışların sərt şəkildə üz-üzə dayanması, milli varlığa qarşı uzanan yeni düşüncə tərzi daha ağır problemlər doğurur.
/"Ayna"/

 

OXŞAR XƏBƏRLƏR