13:26 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SAĞLAMLIQ

"Valideynlər körpənin cinsiyyəti ilə deyil, onun səhhəti ilə maraqlanmalıdırlar" - Günay Bayramova

11:44, 20.09.20183560
Bu gün tam güvəniləcək bir həkim tapmaq məsələsi ciddi problemə çevrilib. Lakin illər və təcrübələr göstərir ki, Azərbaycanda savadlı, pasiyentlərin tam arxayınlıqla güvənəcəyi həkimlər az da olsa, var.
 
AZXEBER.COM-un müsahibi ultrasəs müayinə mütəxəssisi Günay Bayramovadır. Müsahibimiz deyir ki, insanların etibarını qazanmaq və onların sevimli, daimi həkiminə çevrilmək asan məsələ deyil.

Dr.Günay Bayramova 2001-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirib. 2001-2002-ci illərdə M. N. Qədirli adına Mərkəzi Hövzə xəstəxanasında şüa-diaqnostika həkimi kimi internatura kursu keçib. Lakin bununla kifayətlənməyərək, İngiltərə, Almaniya və Litvada da təhsilini davam etdirərək, öz sahəsi üzrə ixtisaslaşıb. Fəaliyyət göstərdiyi müddətdə onlarla ölkədaxili və beynəlxalq konfransların, treninq və seminarların iştirakçısı olan Günay xanım hazırda Baku Medical Plaza klinikasının Babək prospektində yerləşən filialında USM mütəxəssisi kimi çalışır. Azxeber.com ultrasəs müayinə mütəxəssisi dr.Günay Bayramova ilə müsahibəni təqdim edir.

-Günay xanım, hamilələrin əsas qorxusu ultrasəs müayinənin zərərli olması ilə bağlı düşüncələrdir. Həqiqətən USM körpəyə zərər vura bilərmi?
 

 


- Təəssüf ki, bu gün "USM zərərlidir!” deyə düşünərək, müayinəyə gəlməyən və bununla da körpəsinə daha çox zərər vuran analar az deyil. USM-in şüa olduğunu düşünərək, müayinədən qaçır və nəticədə vaxtında aşkara çıxdığı təqdirdə müalicə edilməsi mümkün olan bir sıra problemlərin üzə çıxmasına mane olur və həmin problemləri körpə üçün ciddi fəsada çevirirlər. Mən hər zaman qadınları inandırmağa çalışıram ki, USM şüa deyil, sadəcə səs dalğalarıdır. Dünya təcrübəsində bununla bağlı dəfələrlə ciddi araşdırmalar aparılıb və 99 faiz hallarda USM-in körpəyə zərərinin dəymədiyi qənaətinə gəlinib. Əziz analar, mən burdan bir daha sizə səslənir və vaxtında

müayinələrə gəlməyinizi istəyirəm. Bir çox hamilə qadınlar evdəki böyüklərin- qayınananın, ananın, hətta qonşu xanımların sözünə qulaq asaraq hamiləliyin 12-ci həftəsi tamam olmadan ümumiyyətlə USM-ə gəlmirlər. Bu, tamamilə yanlış düşüncədir. 12-ci həftə ilk USM üçün çox gec ola bilər. Çünki uşaqlıqdankənar hamiləlik, ölü döl, boş hamiləlik və digər problemləri 3-cü aya qədər aşkara çıxarmadıqda, bu, böyük fəsadlara yol aça bilər. Qadın hətta yumurtalığını, borusunu və uşaqlığını itirə bilər. İlk ultasəs müayinə hamiləliyin 5-6-cı həftələrində aparılmalıdır. İlk aybaşı gecikməsi olandan 1 həftə, 10 gün sonra USM-ə gəlmək lazımdır.

- Qayınana, qonşu və s. demişkən... Təəssüf ki, bizim əksəriyyət xanımlarımız "Qonşu nə deyər?” düşüncəsiylə, problemi olduğunu bildikləri halda belə öz subay qızlarını həkimə, ginekoloqa və USM-ə gətirməkdən çəkinirlər. Bu problem öz arxasınca hansı problemlərin sürüklənməsinə səbəb ola bilər?
 

 


- Bizim mental düşüncə tərzimizə, əsasən də yetkin yaşda olan qadınların - analarımızın, qayınanalarımızın fikrinə görə, əgər yeniyetmə bir qız uşağını ginekoloq yanına və ya USM-ə gətiriblərsə, demək ki, nəsə utanılası bir problem var. Amma bu o qədər yanlış bir fikirdir ki... Nəinki problem hiss olunduğu təqdirdə, hətta heç bir problemin kiçik bir simptomu belə olmadığı halda müayinə olunmaq lazımdır. Çünki yenə deyirəm, problem ilkin mərhələsində aşkarlanarsa, onun müalicəsi də qısa müddətə bitər. Əgər hər bir ana mənasız fikirlərə qulaq asmasa və qızının keçid dövründə (ilk menstruasiya gördüyü vaxt) onu profilaktik həkim müayinəsinə aparsa, bəlkə də illər sonra ailə quracaq övladını bir sıra problemlərdən zamanında qurtara bilər. Əgər bütün yeniyetmə qızlar vaxtında USM-ə gəlsə və onların problemləri ağırlaşmadığı dövrdə, ilkin yarandığı məhələlərdə aşkarlansa, ölkədə sonsuzluğun faiz dərəcəsi də xeyli azalar. Çünki bir çox qızlar yalnız ailə qurduqdan və bir neçə ay, hətta bir neçə il sonra hamilə qala bilmədiyini gördükdə həkimlərə üz tutur. Nəticədə onlarda yetkinlik dövründən formalaşan problem ağır mərhələlərinə qədəm qoyur və onun müalicəsi xeyli çətinləşir.

- Heç bir problem olmadığı halda müayinəyə gələnlər olur?
 

 


 


- Təəssüflər olsun ki, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda profilaktik müayinə olunmaq səviyyəsi çox aşağıdır. Gələnlər olur, amma "olmur” deyə biləcək qədər az... Əsasən də uzun illər xaricdə yaşayan və başqa düşüncə tərzini formalaşdırmağı bacaran pasiyentlər profilaktik müayinəyə üz tuturlar. Çox vaxt qadınlarımız yaşının azlığını, səhhətində hər hansı bir problemin olmadığını əsas gətirərək, müayinəyə də ehtiyac olmadığını düşünürlər. Amma unutmaq olmaz ki, hər bir qadın ildə bir dəfə ultrasəs müayinədən və süd vəzisinin müayinəsindən mütləq keçməlidir.

- USM zamanı pasiyentləri ən çox maraqlandıran məsələ, yəni ən çox eşitdiyiniz sual nədir?

- Təbii ki, USM-ə gələn pasiyentlərimin əksəriyyətini hamilələr təşkil edir. Hamiləlik zamanı ailə üçün ən vacib və həyəcanverici məqamlardan biri, daha doğrusu birincisi dünyaya gələcək körpənin cinsiyyətidir. Valideynlər bu barədə məlumatı yalnız ultrasəs müayinə zamanı ala bilirlər. Düzdür, dünyaya gələcək körpənin qız və ya oğlan olmasını öyrənmək maraqlı ola bilər, lakin ondan vacibi körpənin hər hansı bir probleminin olub-olmamasını öyrənməkdir. Yəni valideynlər körpənin cinsiyyəti ilə deyil, onun səhhəti ilə maraqlanmalıdırlar.
 

 


Hamiləliyin 12-13-cü həftələrində yaxşı bir USM mütəxəssisi dölün cinsiyyətini təyin edə bilər. Lakin biz tələsmədən, 16-cı, 17-ci həftəyə qədər gözləməyi lazım bilirik. Körpənin cinsiyyətinin ən dəqiq təyini isə 20-ci həftədə baş verir. Döl oğlan olduğu halda artıq 12-14-cü həftələrdən onun cinsi orqanı görülə bilir. Lakin bəzən onu yalnız 17-20-ci həftələrdə görmək olur deyə, USM mütəxəssisləri tələsib qız deyərək, yanılmaq istəmirlər. Bu üzdən səbrli olmaqda və həkimin dediklərinə qulaq asmaqda fayda var. Qız və ya oğlan fərq etməz, əsas odur ki, körpələrimiz sağlam doğulsun.
 

 


 



XƏBƏR LENTİ