“Valideynlər məktəb avtobuslarına mənasız layihə kimi baxır” - Ekspert

“Valideynlər məktəb avtobuslarına mənasız layihə kimi baxır” - Ekspert
SOSİAL
12:58 08.10.2025
321
Şagirdlərə ayrılan məktəb avtobuslarının qiymətləri ilə bağlı narazılıqlar davam edir. Valideynlər hesab edirlər ki, qiymətlər əlçatan deyil və ödəniş mexanizmi tam şəffaf deyil. 

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a deyib ki, bu məsələdə Elm və Təhsil Nazirliyi çox böyük səhvlərə yol verib, məsələlərin detallarını tam müəyyənləşdirməyib və aydınlaşdırmayıb: 

"Sadəcə, nəyinsə qarşılığında işi bir şirkətə həvalə ediblər. İş demək olar ki, yarımçıqdır.
Vətəndaşlar narazıdır, qiymət məsələsi əlçatan deyil. Ölkədə bu işi bilən, maraqlanan kifayət qədər ekspertlər və mütəxəssislər var. Təəssüf ki, Elm və Təhsil Nazirliyi yalnız özünü ağılla hesab edib, heç kimlə məsləhətləşməyib və qərar qəbul edib ki, "bu qiymət uyğundur”.  

Ekspert bildirib ki, vətəndaşlar məntiqli hesablamalar aparır və qiymətin uyğun olmadığını deyirlər: 

"Valideynlər düşünürlər ki, "həmin avtobuslara verilən pulun qiymətinə taksi tutar yaxud da uşaqlarını ictimai nəqliyyatla aparar”. Həvəslə bu avtobusları gözləyən valideynlər, artıq ona mənasız layihə kimi baxır.

O deyib ki, vətəndaşlar bu qiymətlərdən razı deyil: 

"Qiymət məsələsi əsasən dövlətin məsuliyyətindədir. Lakin problem vətəndaşın üzərinə yüklənir. Dövlət burada subsidiya və güzəştlərlə vəziyyəti tənzimləyə bilərdi ki, vətəndaş inciməsin, qalan məbləği dövlət ödəsin. Əsas məqsəd məktəblərin ətrafındakı sıxlığı azaltmaqdır, amma əksinə, bütün məsuliyyət valideynin boynuna qoyulur”.

E.Muradlı qeyd edib ki, hər məktəbdə təlim-təhsil keyfiyyəti fərqlidir:

"Bütün məktəblərdə təlim-təhsil eyni olmur. Bu səbəbdən valideynlər daha yaxşı məktəb axtarır və məsafələr uzanır. Bu, uşaqların çox erkən oyanmasına, əlavə çətinliklərə səbəb olur. Düşünün körpə uşaq məktəbə getmək üçün saat 6-dan oyanmalıdır ki, 7-də avtobusa çatsın. Onsuz da çantaların ağırlığı da uşaqlar üçün təhlükəlidir və beyinlərini yorur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR