Yanvarın 29-da Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər verilib. AZXEBER.COM AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib. Ali Məclisin Sədri çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmış, yeni ştat strukturu təsdiq olunub. Hazırda Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edən komandan heyətinin yeni xidməti avtomobillərlə təmin olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda, bu idarəetmədə çevikliyin təmin olunmasına və xidmətin nümunəvi təşkilinə imkan verəcək. Ali Məclisin Sədri demişdir: Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və idarəetmənin vahid mərkəzdən təşkili məqsədilə yaradılmışdır. Ona görə də hərbi qulluqçular daim öz üzərlərində işləməli, öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər. Ali Məclisin Sədri zabitlərin göstərilən qayğıya nümunəvi xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirmiş, onları yeni xidməti avtomobillərlə təmin olunmaları münasibətilə təbrik etmişdir. Zabitlər muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərə və hərbi xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sonra Ali Məclisin Sədri açarları təqdim etmiş, avtomobillərin texniki göstəriciləri ilə maraqlanmışdır. Bildirilib ki, yüksək texniki göstəricilərə malik olan “Mitsubishi-PAJERO” markalı avtomobillər çətin yol şəraitində dözümlülüyü və rahat idarə olunması ilə seçilir. Qənaətcilliyi ilə diqqəti çəkən bu avtomobillər yüksək manevr qabiliyyətinə malikdir. Muxtar respublikanın relyefinə uyğun olan yeni avtomobillər ilin istənilən fəslində xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcək.
![](/file/pic/xeber/2014-01-30/74177.jpg)
![](/file/pic/xeber/2014-01-30/74179.jpg)
![](/file/pic/xeber/2014-01-30/74181.jpg)