Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib

Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib
SOSİAL
10:29 11.03.2026
119
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.
 
AZXEBER.COM xəbər verir ki, ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.

Vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəki ilə doğulurlar. Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır. 

Bu körpələr adətən neonatal reanimasiya və ya intensiv terapiya şöbəsində saxlanılır. Əsas məqsəd körpənin həyati funksiyalarını stabilləşdirmək, inkişafını dəstəkləmək və ağırlaşmaların qarşısını almaqdır. Körpələr ilkin olaraq stasionar şəraitdə tənəffüs dəstəyi ilə təmin olunur. Ağciyərlər kifayət qədər inkişaf etmədiyi üçün oksigen, CPAP və ya süni tənəffüs aparatı ilə təmin olunur. Qeyri-invaziv ventilyasiya və ya mexaniki ventilyasiya kimi üsullarla uşağın nəfəs alması stabilləşdirilir, oksigenlə təminatı yaxşılaşdırılır və tənəffüs çatışmazlığının ağırlaşmasının qarşısı alınır. Qan dövranı sistemi də diqqətlə izlənir - EKQ və təzyiq monitorinqi aparılır, qan dövranı dəstəklənir. Erkən doğulan körpələr bədən hərarətini sabit saxlaya bilmədikləri üçün küvəzdə saxlanılır. Qidalanma xüsusi protokollara uyğun aparılır. Əvvəlcə venadaxili total parenteral qidalanma tətbiq edilir, daha sonra zondla, tədricən ana südü ilə qidalandırılır. Bu mərhələdə həyati göstəricilər - nəbz, saturasiya, tənəffüs, bədən tempraturu, qanda şəkər və elektrolitlər daimi monitorinq edilir.

Vaxtından əvvəl doğulan uşaqlar üçün immun sisteminin zəif olması mühüm risk amilidir. Bu səbəbdən vaxtından əvvəl doğulan uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar təmiz və demək olar ki, steril şəraitdə saxlanılmalı, ümumi vəziyyətləri imkan verdikcə planlı vaksinasiyaları həyata keçirilməlidir. Görmə və eşitmə ilə bağlı problemlərin vaxtında aşkar edilməsi üçün yenidoğulmuşlarda ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) və audioloji müayinələr aparılır. Sadalanan müayinə metodları icbari tibbi sığorta hesabına qarşılanır. 

Qeyd edək ki, vaxtından əvvəl doğuşun müxtəlif səbəbləri, risk faktorları ola bilər: əvvəlki mamalıq və ya ginekoloji anamnezdən irəli gələn risk faktorları - anamnezində vaxtından əvvəl doğuş (ən yüksək risk), servikal çatışmazlıq, servikal poliplər, uşaqlıq mioması və ya ananın reproduktiv sisteminin anadangəlmə anomaliyaları (məsələn, ikibuynuzlu uşaqlıq), infeksiyalar, preeklampsiya (hamiləlik toksikozu), şəkərli diabet, anemiya, stres və zərərli vərdişlər, mövcud hamiləliklə əlaqəli mamalıq risk faktorları - hamiləliklər arasında qısa interval, vaxtından əvvəl doğuş, dölün inkişaf qüsurları, çoxdöllü hamiləliklər, plasentanın ayrılması və s. 


OXŞAR XƏBƏRLƏR