Vəfat edən Fəzail Ağamalı kimdir?

Vəfat edən Fəzail Ağamalı kimdir?
SİYASƏT
20:01 09.02.2026
1093
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının sədri, tanınmış alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin bir neçə çağırış deputatı vəfat edib.
AZXEBER.COM xəbər verir ki, mərhum 1947-ci il avqustun 26-da Ermənistan Respublikasının Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, tarix elmləri doktoru, professor olub.

Mərhum 4 monoqrafiyanın, 1 dərsliyin və 50-dən çox elmi məqalənin müəllifi idi. Uzun illər pedaqoji fəaliyyət göstərərək Naxçıvan şəhərində orta məktəbdə, Naxçıvan Dövlət Universitetində, eləcə də Azərbaycan Texnologiya İnstitutunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Azərbaycan Əmtəəşünaslıq İnstitutunda və Azərbaycan İqtisad Universitetində müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

O, eyni zamanda dövlət qulluğunda da məsul vəzifələr tutub. Belə ki, 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olub.

Siyasi fəaliyyətinə görə geniş tanınan mərhum Ana Vətən Partiyasının sədri idi. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi fəaliyyət göstərib.

O, həmçinin Azərbaycan–İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, İsveç, Sloveniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvü olub.
Mərhum ailəli idi, 3 övladı var.

OXŞAR XƏBƏRLƏR