Vəkillər Binəqədidə yanan bina ilə bağlı əlavə şahidlərin dindirilməsini tələb edir

Vəkillər Binəqədidə yanan bina ilə bağlı əlavə şahidlərin dindirilməsini tələb edir
SOSİAL
12:39 15.11.2016
783
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
AZXEBER.COM-un məlumatına görə, prosesdə vəkillər əlavə şahid qismində bir neçə şahidin ifadə verməsi barədə vəsatət qaldırıblar. Hakim isə proseslərdə əsas şahidlərin dindirildiyini bildirib və deyib ki, hazırda zərərçəkmişlərin dindirilməsi vacibdir. Buna görə də, vəsatət qismən təmin edilib və əlavə şahidlərin zərərçəkmişlərdən sonra dindirilmək üçün məhkəməyə dəvət edilməsi məqbul sayılıb. Sonra ifadə verən şahid Mənsur Hüseynov "Global Construction” MMC-də 2013-cü ildən baş mühəndis işlədiyini və hazırda işsiz olduğunu deyib. O qeyd edib ki, yanğın baş verən binanın üzlənməsi zamanı orada çalışıb. O, təqsirləndirilən şəxslərdən bir neçəsini tanıdığını deyib. Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb
OXŞAR XƏBƏRLƏR