Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan Yəməndəki Husilərə qarşı zərbələr endirməsini istəyib. Tramp isə bu təklifi qəbul etməyib.
Bu barədə "Axios” nəşri iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Məhəmməd bin Salman Trampa iki dəfə telefonla zəng edərək Husilərə qarşı hərbi əməliyyata başlanılmasına çağırıb.
ABŞ rəsmiləri bildiriblər ki, Tramp administrasiyası hazırda Husilərə qarşı birbaşa hərbi müdaxilə etməyi planlaşdırmır.
Müzakirələrin gedişindən xəbərdar olan mənbələrin sözlərinə görə, son həftələrdə ABŞ rəsmiləri Səudiyyə Ərəbistanındakı həmkarlarına Trampın göstərişinin Amerika qüvvələrinin əsas diqqətini İrana və Hörmüz boğazına yönəltməkdən ibarət olduğunu bildiriblər.
ABŞ administrasiyası yeni hərbi cəbhənin açılmasından yayınmağa çalışır.
Bu arada Yəməndə vəziyyətin gərginləşdiyi bildirilir. İranın dəstəklədiyi Husilər Qırmızı dəniz sahilində irəliləyərək strateji əhəmiyyətli Moha şəhərini ələ keçirib və Bab əl-Məndəb boğazına yaxınlaşıblar. Bu vəziyyət beynəlxalq gəmiçilik və enerji daşımaları ilə bağlı narahatlıqları artırıb.
///modern.az///











































