Venesuelada baş verənlər və neft qiymətlərinin düşüşü: Azərbaycanda devalvasiya riski varmı?

Venesuelada baş verənlər və neft qiymətlərinin düşüşü: Azərbaycanda devalvasiya riski varmı?
İQTİSADİYYAT
13:37 07.01.2026
661

Qlobal neft bazarında qiymətlərin aşağı düşməsi fonunda Venesuelada yaşanan siyasi və iqtisadi qeyri-sabitlik enerji bazarlarında əlavə risklər yaradır. Bu proseslər neftdən yüksək dərəcədə asılı olan ölkələrin büdcə gəlirlərinə və makroiqtisadi sabitliyinə mənfi təsir göstərə bilər. Belə şəraitdə əsas risklərdən biri də milli valyutaların təzyiq altında qalmasıdır.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Venesuelada baş verən hadisələrin hazırda neftin dünya bazar qiymətlərinə ciddi təsiri müşahidə olunmur:

"Venesuelada baş verən hadisələrin hələlik neftin dünya bazar qiymətlərinə ciddi təsiri yoxdur. Prezident Nikolas Maduronun tutulması ilə bağlı məlumatlardan sonra neftin qiymətində müəyyən artımlar qeydə alınıb. Hazırda isə kəskin ucuzlaşma müşahidə edilmir. Gələcəkdə Venesuelladakı neft yataqlarının Amerika Birləşmiş Ştatları tərəfindən idarə olunması qiymətlərə təsir göstərə bilər”.

Deputat vurğulayıb ki, Azərbaycan milli valyutasının məzənnəsi birbaşa Mərkəzi Bankın həyata keçirdiyi siyasətdən asılıdır: 

"Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Bu baxımdan, milli valyutanın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bank məzənnə ilə bağlı qərarları tədiyə balansının vəziyyətinə, ölkəyə daxil olan valyuta axınına və digər makroiqtisadi göstəricilərə əsaslanaraq qəbul edir”.

OXŞAR XƏBƏRLƏR