"Vətən Müharibəsi – XXI əsrin müharibəsidir"

"Vətən Müharibəsi – XXI əsrin müharibəsidir"
SOSİAL
10:33 19.03.2021
799
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribatı düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı. Bu təxribata cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bununla da Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev martın 15-də işğaldan azad edilən Hadrut qəsəbəsində çıxışı zamanı vurğulayıb: "Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”.

İşğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. Bu dağıntılardan görünür ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etməklə tarixi irsimizi silməyə çalışıb. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirərək onun İran abidəsi olduğu iddia edilmişdir. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar.

İşğaldan azad olunmuş ərazilərə yeni nəfəsin gəlməsi ilə bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Həmin ərazilərdə infrastruktur layihələri fasiləsiz icra olunur. Dövlətimizin başçısının təməlqoyma mərasimlərində iştirakı böyük əhəmiyyətə malikdir.

Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən, Ermənistansa monoetnik dövlətdir.

Əminik ki, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli siyasət və Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində tezliklə qarşıya qoyulan hədəflər qət ediləcək. Cənab Prezidentin Azıx mağarasının qarşısında olarkən dediyi sözlərlə desək "....Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: "Azıx Azərbaycandır!”, "Qarabağ Azərbaycandır!”.

Naftalan şəhər sakini Ülfət Əliyev
OXŞAR XƏBƏRLƏR