“Vətəndaşın pulu ödəniləcək” – “Günay Sığorta”dan narazı vətəndaşa CAVAB

SOSİAL
15:46 28.12.2017
2137

Ötən gün portalımızda "Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı -Sığorta pulunu ödəmir (FOTOLAR)” başlıqlı xəbər yayımlamışdıq.

  

Sığorta şirkətinin müştərisi Şirvan şəhər sakini Ceyhun Həsənov AZXEBER.COM-a müraciətində sığorta şirkətinin ona dəymiş ziyanı ödəməməkdə ittiham etmişdi.

 

Sözügedən ittihamla bağlı "Günay Sığorta” şirkəti vətəndaşın məktubuna yazılı cavab verib. Şirkətin AZXEBER.COM-a göndərdiyi açıqlamada sözügedən məsələnin araşdırıldığı bildirilib:

 

"Bildirmək istəyirik ki, "Günay Sığorta” ASC-də "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olan Ceyhun Həsənovun iştirakı ilə 02/12/2017-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat daxil olmuş və məlumatdan dərhal sonra qəza xidməti hadisə yerinə çıxaraq hadisəni qeydə almışdır. Hadisə nəticəsində 2 zərərçəkən olmuşdur. Zərəçəkənlərdən biri vaxtında müraciət etdiyi üçün dəymiş zərərin məbləği qiymətləndirilərək faydalanan şəxsin bank hesabına ödənilmişdir. Hadisə nəticəsində digər zərərçəkənə aid avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün avtomobilin təmir müəssisəsinə təqdim edilməsi zərərçəkən şəxsə bildirilsə də toy məclisi və sonradan xarici ölkəyə səfər səbəbindən avtomobil qiymətləndirməyə vaxtında təqdim edilməmişdir.


Ceyhun Həsənovun şikayəti ilə bağlı qeyd etmək istəyirik ki, şikayət ərizəsi şirkətə daxil olduqdan dərhal sonra Ceyhun Həsənovun özünə avtomobilin qiymətləndirməyə təqdim edilməməsi bildirilmişdir. Ondan sonra ikinci zərəçəkən tərəfindən avtomobil qiymətləndirilmə üçün təmir müəssisəsinə təqdim edilmişdir. Zərərin məbləği müəyyən edilərək ödəniş barədə qərar verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə sığorta ödənişi həyata keçiriləcək.


Ceyhun Həsənovun şikayət ərizəsi şirkətə daxil olduğu anda mətbuatda da eyni vaxtda yayımlanmışdır. Bu baxımdan Ceyhun Həsənovun bu davranışını biz qərəzli hesab edir və Günay Sığortanın imicinə zərər kimi qiymətləndiririk”.

 

Xatırladaq ki, şikayətçi vətəndaş dekabr ayının 2-də isə Bakıda zəncirvari qəzaya düşdüyünü yazmışdı. Belə ki, Ziya Bünyadov prospektində idarə etdiyi 90 UJ 483 nömrəli Opel Astra ilə ara məsafəsi saxlamadığı üçün qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 UJ 145 nörməli Mercedes Benz avtomobilini arxadan vurub. Zərbənin təsirindən əzilən avtomobil də qarşıdakı 50 BX 703 nömrəli Mercedes Benz avtomobilinə çırpılıb. Nəsimi rayon DYP-nin əməkdaşları hadisə yerinə baxış keçirib. Daha sonra sığorta şirkətinin qaynar xəttinə qəza barəsində məlumat verilib. Yarım saat sonra şirkətin əməkdaşları hadisə yerinə gəlib avtomabillərin şəkillərin çəkərək sənədləşmə işləri aparıblar. Nəsimi rayon DYP-nin hadisə materialları "Günay Sığorta” Sığorta şirkətinə 04.12.2017-ci il tarixdə təqdim edib və araşdırma materialına əlavə edilib. Sığorta ödənişinin edilməsi barədə Günay Sığorta ASC-nin Sığorta Şirkətinin İdarə Heyyətinin sədrinə ərizə ilə müraciət edilib.

 





 

OXŞAR XƏBƏRLƏR