Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib.
O bildirib ki, bu şəxslərə əsasən 2 epizod tərəfindən ittiham verilib.
"İttiham aktında hər bir təqsirləndirilən şəxs, əsasən də Vidadi Zeynalov barədə kifayət qədər ziddiyyətli və əsassız məqamlar var. Vidadi Zeynalov maddi-məsul şəxs olmamaqla Rabitə Nazirliyinin tabeliyində olan struktur bölmələrinin rəhbəri olmaması və onun aparat rəhbəri kimi buna faktiki səlahiyyətləri olmadığı halda, istintaq orqanı tərəfindən ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin müaviq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz.
İttiham aktında Aztelekom MMC-in epizodu 2009-cu 2015 ildək Oqtay Rüstəmova və Məhəmməd Məmmədova münasibətdə deyilir ki, onlar MMC-yə köçürülmüş 128 milyon 944 min manat pul vəsaitini cəmiyyətinin ayrı-ayrı banklarında hesabına köçürülməsinə və sonradan nağdlaşdırılmasına nail olublar. Orada ümumilikdə 29 milyon 700 manat pulu Vidadi Zeynalova verməklə 243 mini Oqtay Rüstəmov və 3 milyon 807 mini isə Məhəmməd Məmmədov mənimsəyib.
Yenə ittiham aktında göstərilir ki, Məhəmməd Məmmədov və Oqtay Rüstəmov həmin dövr üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaitin saxta hesabatlar tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürdərək pulları sənədləşdirib. ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verilib, 4 milyon 200 manatı Məhəmməd Məmmədova çatıb , 234 min isə Oqtay Rüstəmov özünə götürüb.
Həmçinin başqa bir ifadəsində Məhəmməd Məmmədov göstərir ki, "Azintelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olan 128 milyon manat xidmət haqqı məbləği "Aztelekom" tərəfindən köçürülüb. Həmin vəsait nazirliyin göstərişi ilə Telefon Qovşaqlarına, "Azərpoçt"a, "Qafqaz s" və s. MMC-ə köçürülüb və həmin vəsaitlər nazirliyin kassasından verilib".
Vəkil məhkəmədən xahiş edib ki, ekspertiza keçirilsin, həmçinin, bu ifadələr araşdırılsın.
Vəkil vəsatətində qeyd edib ki, Məhəmmd Məmmədov və Oqtay Rüstəmov ifadələrində pulu mənimsədiklərini etiraf edib: "Biz istəyirik ki, istintaq onlar barəsində də düzgün obyektiv araşdırma aparsın, məsələni araşdırsın".
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev Vidadi Zeynalovun vəkillərinin verdiyi vəsatətlərə etiraz edib. Qeyd edib ki, onlar da Vidadi Zeynalovla bağlı cildlərin elan edilməsini, ifadələrin məhkəmədə də səsləndirilməsini tələb edib.
"Aztelekom" sədri Vidadi Zeynalova şüşə qəfəsdəcə etiraz bildirib. O, Vidadi Zeynalova "Prinsipin mənimlədi? Məndən nə istəyirsən? Mənimlə problemin var?” deyə replika atıb.
Vidadi Zeynalov isə onunla heç bir probleminin olmadığını deyib.
Daha sonra Vidadi Zeynalovun digər vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək Fətulla Baxşəliyevin, həmçinin, Şirvan Telekomunikasiya Qovşağının rəhbərinin ifadəsinin elan edilməsini istəyib.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev sual edib ki, müvəkkilinə pul verilməsini sübut etmək Vidadi Zeynalova nə verəcək?: "Burada hamı bilir ki, Məhəmmədə heç kim pul verməyib"
Vəkil Elxan Süleymanov Şahin Rəfiyevə sual edib ki, niyə istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib? Bu məsələ ilə bağlı vəkillər arasında mübahisə düşüb. Məhəmməd Məmmədovun vəkili Vidadi Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə suçlayıb.
Məhkəmədən söz alan Vidadi Zeynalov bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmadığını sübut etməkdir: "Burda hər kəs başa düşür ki, Məhəmməd nə pul alıb, nə də pul verib. Sadəcə qorxusundan pulu ödəyib. Məqsədimiz istintaqın obyektiv olmadığını ortaya çıxarmaqdır".
Namazalı Məmmədovun vəkili Könül Əliyeva məhkəmədə vəsatət qaldıraraq mühasibat ekspertizasının yenidən keçirilməsini tələb edib. O bildirib ki, kiçik riyazi hesablamalarında səhvlər var.
Hakim bildirib ki, bu məsələr araşdırılacaq.
Məhkəmə martın 3-də davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
///lent.az