Vilyam Hacıyev Nofəl Atakişiyevin əməllərini niyə görməzdən gəlir?

SOSİAL
13:34 19.05.2016
1964
İmişlinin icra başçısı ilə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunu hansı tellər birləşdirir? Artıq bir müddətdir ki, İmişli rayonunda ümumi ab-hava, əhalinin durumu ürəkaçan, arzuolunan səviyyədə deyil. 
Bunun əsas səbəbkarının məhz İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, adıçəkilən rayonun bir sıra məmurları kobud səhlənkarlığa yol verirlər. Bu isə öz növbəsində, əhalinin onsuzda ağır olan durumunu bir qədər də çətinləşdirir. 
Misal kimi, Nofəl Atakişiyevin direktoru olduğu İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) yaşanan neqativ halları qeyd edən mənbənin sözlərinə görə, icra başçısının himayəsinə arxalanan direktor rəhbərlik etdiyi qurumda özbaşınalıqları pik həddə çatdırıb: «Deyilənlərə görə, vəziyyət o qədər acınacaqlıdır ki, İmişli Rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və onun direktoru Nofəl Atakişiyevin fəaliyyətindən şikayət edilir. Lakin buna baxmayaraq, Vilyam Hacıyev hələ də onun əməllərini görməzdən gəlir. Çünki Nofəl Atakişiyevin məhz icra başçısının himayəsində olduğu bildirilir. Onu da nəzərinizə çatdırım ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işini etibarlı tutmaq üçün bəzi məsələləri inspektor Taryel Rüstəmova həvalə edib. 
Odur ki, bu gün Taryel Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin. Məsələnin maraqlı tərəfi ondadır ki, Vilyam Hacıyevin dəstəyinə güvənən Nofəl Atakişiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələblərinə belə məhəl qoymur». 
Təxminən, 2 ay bundan öncə Elvin adlı İmişli rayon sakininin Nofəl Atakişiyevin direktoru olduğu mərkəzin binasına daxil olaraq, əlindəki benzini üzərinə və otağa tökərək özünü yandırmağa cəhd göstərdiyini deyən mənbə bildirir ki, bu vaxt üzərinə benzin tökülən İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inspektoru Taryel Rüstəmov və mərkəzin əməkdaşları Elvin adlı şəxsi yerə yıxaraq, kibriti yandırmağa imkan verməyiblər: «Deyilənlərə görə, vətəndaşın belə bir addım atmasıba səbəb icra başçısı Vilyam Hacıyevin yaxın adamı kimi xarakterizə olunan Nofəl Atakişiyevin rəhbərlik etdiyi mərkəzin əməkdaşlarının ondan ünvanlı sosial yardım alması müqabilində 800 manat pul istənilməsi olub. Həmin hadisədən 2-3 gün sonra isə bunabənzər digər hadisə baş verib. Belə ki, rayon sakini Əbülfət Xəmmədov tökülən İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ondan ünvanlı sosial yardım alması müqabilində 1000 manat pul istədiklərindən öz canına qıyıb.
Deyilənlərə görə, o, kəsici alətlə damarlarını doğramaq istəyib. Hətta buna nail də olub. Lakin yaxınlıqdakı insanların müdaxiləsi sayəsində onu vaxtında xəstəxanaya aparmaq mümkün olub. Gördüyünüz kimi, bu boyda həngamənin olmasına baxmayaraq, rayon rəhbərliyi, konkret olaraq icra başçısı Vilyam Hacıyev hələ bir dəfə də olsun Nofəl Atakişiyevi əməllərindən çəkindirməyə çalışmayıb, ümumiyyətlə ona irad tutmayıb. Kim bilir, bəlkə də onlar bəzi məsələlərdə ortaq mövqedən çıxış etdiklərindən icra başçısı mərkəz direktorunun əməllərini görməzdən gəlir, Nofəl Atakişiyevin fəaliyyətilə bağlı edilən şikayətlərə əhəmiyyət vermir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 
/// Gundelik-Baku.com

OXŞAR XƏBƏRLƏR