Vladimir Putin azərbaycanlı alimi təltif etdi

Vladimir Putin azərbaycanlı alimi təltif etdi
SOSİAL
14:26 05.04.2022
386
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə biologiya sahəsində tanınmış azərbaycanlı alim, biologiya elmləri doktoru Süleyman Allahverdiyev elmin inkişafında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.
 
AZXEBER.COM xəbər verir ki, həmyerlimiz Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəridir.
 
O elm aləmində fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələri üzrə tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.
 
Sonradan Allahverdiyevin əldə etdiyi məlumatların məcmusu əsasında FS-2 bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stressli şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılıb, bitkilərin fotosintez aparatının əlverişsiz ətraf mühit-şəraitinə uyğunlaşdırmanın molekulyar mexanizmləri tədqiq edilib.

O, 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1973-1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi vəzifəsində işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlik dissertasiyasının müdafiəsindən sonra S.Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda "Bitkilərin fiziologiyası və biokimyası” ixtisası üzrə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.

500-dən çox elmi məqalə, 8 kitab və 6 ixtiranın müəllifi olan azərbaycanlı alimin tədqiqatlarına 21 min dəfədən çox istinad olunub. Təsadüfi deyil ki, Allahverdiyev 2016-cı ildə Thomson Reuters-WoS (Clarivate Analytics) tərəfindən biologiya üzrə dünyada ən çox istinad edilən Rusiya tədqiqatçısı adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikasında elmin inkişafına verdiyi töhfə və yardımlara görə təltif olunan dünyaşöhrətli alim 2019-cu ildə Rusiya Elmlər Akademiyasının K. A. Timiryazev mükafatını qazanıb.

Allahverdiyev 2021-ci ildə alternativ enerjinin inkişafına verdiyi böyük töhfələrə, xüsusən də süni fotosintez sistemi dizaynı və bioenerji üzrə elmi işlər silsiləsinə görə "Qeyri-ənənəvi enerji” kateqoriyasında "Qlobal Enerji Mükafatı” laureatı olub. O, 2020-ci ildə "Clarivate Analytics” şirkətinin "Web of Science” elmmetrik bazasının dünyanın ən nüfuzlu alimlərinin siyahısında 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda yer almaqdadır.
Elmlər doktoru Süleyman Allahverdiyev Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, MDU və MFTİ-nun elmi əməkdaşı olmaqla yanaşı həm də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktorudur.

1950-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olan alim elm sahəsinə doğru ilk addımlarını Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək atıb. Elmlər doktoru 1984-cü ildə SSRİ Elmlər Akademiyasının Biofizika İnstitutunda biofizika üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2002-ci ildə Allahverdiyev Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunda bitki fiziologiyası və biokimyası üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Onun elm sahəsindəki ümumi təcrübəsi 40 ildən çoxdur.

Biologiya elmləri doktoru çoxəhatəli elmi və tədris fəaliyyəti ilə məşğuldur: O, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunda idarə olunan fotobiosintez laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bionanotexnologiyalar laboratoriyasının müdiri kimi fəaliyyət göstərir.

Bundan əlavə, Süleyman İfxan Oğlı Allahverdiyev Koreyanın Kyungpook Universitetinin Daegu Elm və Texnologiya İnstitutunun Yeni Biologiya fakültəsinin dəvətli adyunktu, Səudiyyə Ərəbistanının Kral Səud Universitetinin Elmlər Kollecinin professorudur. S.Allahverdiyev bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların, o cümlədən "Biochimica et Biophysica Acta (BBA-Bioenergetics)”, "International Journal of Hydrogen Energy”, "Journal of Photochemistry and Photobiology B: Biology”, "Frontiers in Plant Physiology” və s. redaksiya heyətinin üzvüdür. O, həm də doktorluq dissertasiyalarının müdafiəsi üzrə iki ixtisaslaşmış şuranın üzvüdür. S.Allahverdiyevin rəhbərliyi altında 2 elmlər doktoru və 6 elmlər namizədi yetişdirilib.

S.Allahverdiyevin elmi araşdırmalarının nəticələri, müntəzəm olaraq, "Chemical Reviwers”, "Proceedings of National Academy of Science USA”, "The EMBO Journal”, "J Photochem. Photobiol”, "Photosynthesis Research”, "FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir.
2004-cü ildən S. Allahverdiyev beynəlxalq resenziyalı jurnalların (Photosynth. Res., Biochim. Biophys. Acta, Photochem. Photobil. Sc., Photochem. Photobil. B; Biology, Frontier in Plant Science və s. ) 29 xüsusi buraxılışının qonaq redaktoru olub.

Hazırda S.Allahverdiyev nanobiotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılmasını fəal inkişaf etdirir.
OXŞAR XƏBƏRLƏR