Övladlarımız üçün gizli təhlükə: İnternetdən onları necə qoruyaq?

Övladlarımız üçün gizli təhlükə: İnternetdən onları necə qoruyaq?
SOSİAL
15:13 04.12.2025
108
"Təhlükəli internet oyunları zərərli və qeyri-etik davranışlara səbəb olan, həmçinin psixoloji problemlər yarada bilən oyunlardır”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.

O bildirib ki, bu cür oyunların bir neçə əsas xüsusiyyəti mövcuddur:

"Belə oyunların bir neçə əsas xüsusiyyəti mövcuddur. Zorakılıq və narkotik istifadəsi kimi mövzuların təşviqi, kiberhücumlar və fırıldaqlar vasitəsilə istifadəçilərin şəxsi məlumatlarının oğurlanması kimi hallara gətirib çıxarır. Eyni zamanda davamlı ödəniş tələbləri və uşaqları asılı vəziyyətə salan oyun mexanizmləri var. Məsələn, "pay-to-win” bu oyunlara daxildir. Belə oyunlar qeyri-sağlam sosial əlaqələrin qurulmasına səbəb olur. Bəzən oyunlar qeyri-etik davranışları dəstəkləyir və oyunçuları manipulyasiya edir”.

Ekspert deyib ki, bir çox ölkə bu cür oyunların yayılmasının qarşısını almaq üçün müxtəlif qadağalar tətbiq edir:

"Uşaqların oynadıqları oyunlara valideyn nəzarətinin artırılması və təsdiqlənmiş oyunların seçilməsi vacibdir. Həmçinin bir çox oyun platforması sosial media və oyun tənzimləyici qanunlarla nəzarət olunur. Lakin qeyri-leqal yollarla (VPN və proxy vasitəsilə) uşaqlar bu məhdudiyyətləri keçə bilirlər. Digər vasitə isə oyunların yaş qruplarına uyğunluğunu təmin edən beynəlxalq sistemlərdir. Məsələn, PEGI və ESRB mövcuddur”.

N.Məmişov qeyd edib ki, təhlükəsiz internet oyunları ilə bağlı tədbirləri həm hökumət, həm valideynlər, həm də təhsil qurumları birgə həyata keçirə bilər:

"Valideynlər uşaqlarının oyun seçimlərini izləməli və xüsusilə yaş məhdudiyyətlərinə riayət olunmasına nəzarət etməlidirlər. Bundan əlavə, internetdə təhlükəsizliyi təmin edən proqramların (antivirus, firewall və s.) quraşdırılması vacibdir. Dövlət tərəfindən isə təhlükəli oyunların yayılmasının qarşısını almaq üçün tənzimləyici mexanizmləri gücləndirməlidirlər. Təhsil və maarifləndirmə sahəsində isə uşaqlar və valideynlər üçün internetin təhlükəsiz istifadəsi barədə maarifləndirici proqramların təşkili daha yaxşı olar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR