Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen Avropa Şurasının sədri Antonio Kosta ilə birlikdə Dəməşqə həyata keçirdiyi ilk rəsmi səfər zamanı Avropanın Suriyanın bərpası və yenidən qurulması prosesinə tam dəstək verəcəyini bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Von der Leyen və Kosta Dəməşqdə Suriya prezidenti Əhməd Şara ilə görüşdən sonra mətbuata açıqlamalar veriblər.
AB Komissiyasının sədri ABŞ-da yerləşən "X” sosial media platformasında etdiyi paylaşımda bildirib ki, suriyalılar uzun illər davam edən qorxu və sükutdan sonra yeni bir mərhələyə qədəm qoyublar:
"Onilliklər boyu davam edən qorxu və sükutdan sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir səyahətə çıxıblar. Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək”.
Avropa Şurasının sədri Antonio Kosta da çıxışında vurğulayıb ki, uzun illər davam edən müharibə və əzablardan sonra Bəşər Əsəd rejiminin süqutu Suriya xalqı üçün yeni ümidlər yaradıb:
"Bu gün biz burada Avropa Birliyinin Suriyaya davamlı dəstəyini nümayiş etdirmək üçün toplaşmışıq. Qarşıda uzun bir yol var, lakin siz artıq ilk addımları atmısınız”.
Qeyd edək ki, bu səfər 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Avropa Birliyinin Suriyaya ən yüksək səviyyəli rəsmi səfəri olub.
Xatırladaq ki, Avropa Birliyi Suriyaya qarşı tətbiq edilən sanksiyaları 20 may 2025-ci ildə ləğv edib. Bundan əvvəl, 2025-ci ilin iyun ayında AB-nin Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa da Suriyaya səfər edərək, ölkənin yeni hökumət dövründə sabit və inkişaf edən bir dövlətə çevrilməsi üçün Avropa Birliyinin dəstəyini ifadə edib.
Gülay









































