Fransa jandarmeriyası Gürcüstana maraqlı materiallar göndərib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, həmin materiallarda 2011-ci ilin noyabrın 9-da “qanuni oğrular”ın Fransanın cənubunda baş tutmuş görüşünün videokadrları yer alıb. Bu görüşün Gürcüstanın sabiq dövlət naziri, rejissor Giorgi Xaindravanın təşəbbüsü ilə keçirildiyi bildirilir. Fransa jandarmeriyası iddia edir ki, Xaindrava və daha 5 “qanuni oğru” kriminal aləmdə tanınan Revaz Lordkipanidzenin evində bir araya gəlib. Sabiq nazir Gürcüstanda hakimiyyətin dəyişdirilməsi üçün onlardan yardım istəyib. Gürcüstan telekanallarının efirində yayılan videomateriallarda Xaindrava dedikləri əks olunub. O deyib ki, əgər 2012-ci ildə gürcü müxalifəti qalib gəlməsə, ötən əsrin 90-cı illərin ortalarında əhaliyə vahiməli anlar yaşadan “Mxedrioni” tipli silahlı dəstələr yaradılacaq. Xaindrava bu dəstələrin ölkədə terror törədəcəyini bildirib. Qeyd edək ki, Xaindravanın özü də vaxti ilə “Mxedrioni”nin üzvü olub. Fransa jandarmeriyasının yaydığı materiallarda qeyd olunur ki, Xaindravanın “qanuni oğrular”la görüşü zamanı Gürcüstanda hakimiyyətin devrilməsi planları razılaşdırılıb.