“SOCAR-ın hasilatı artırmaq imkanları onsuz da azalır”
Dövlət Neft Şirkəti neft hasilatını dondurur və hasilat keçən ildəkindən çox olmayacaq. Bunu SOCAR-ın rəhbəri Rövnəq Abdullayev bildirib.
Neft hasilatının azalması nə deməkdir? Bu, neft gəlirlərinə təsir edəcəkmi?İqtisadçıVüqar BayramovAzadlıqRadiosuna bu məsələni şərh edir:
– 2015-ci ildə Azərbaycan 41 milyon 586 min ton neft hasil edib. Hasil edilən neftin təxminən 8 milyonu SOCAR-ın payına düşür. Əgər hasilat statistikasına diqqət etsək, 2015-ci ildəki hasilatda 2014-cü ilə nisbətən azalma müşahidə edilir. Belə ki, 2014-cü ildə hasilat 42 milyon ton olub. Dövlət Neft Şirkətinin də bu illər ərzində neft hasilatında bir neçə yüz min ton azalma olub. Praktik olaraq, Azərbaycanın neft hasilatında azalma qeydə alınır.SOCAR öz hasilatını 2014-cü il səviyyəsində dondura bilər.
– Bunun ölkə iqtisadiyyatına və SOCAR-ın gəlirlərinə təsiri ola bilərmi?
– Xeyr, heç bir ciddi təsiri olmayacaq. Azərbaycan üçün heç bir ciddi itki olmayacaq, çünki böyük hasilat dondurulmasından söhbət getmir. Azərbaycanın gündəlik neft ixracatı 850 min barel civarındadır. Dünya bazarına gündəlik 12 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanı, Rusiya kimi ölkələrin olduğunu nəzərə alsaq, SOCAR hasilatı dondurmaqla heç nə itirməyəcək. Üstəlik, mövcud infrastruktur və investisiya şəraitində SOCAR-ın hasilatı artırmaq imkanları da yoxdur. Əgər Neft Şirkəti və ya Bp hasilatı kəskin dayandırmaqla bağlı qərar versə, bəli, bu, ölkə gəlirlərinə təsir göstərə bilər.